Mövsüm Səmədovun həbsindən 5 il ötür

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsindən 5 il ötür.
AİP sədri 2011-ci il yanvar ayının 7-də partiyanın qərərgahından çıxıb evə gedərkən həbs edilib. Həmin vaxt partiyanın sədr müavini olan Vaqif Abdullayev də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onlara məhkəmənin qərarı ilə ilkin olaraq 10 sutka həbs cəzası kəsilib. Aparılan əməliyyatlar nəticəsində daha bir neçə nəfər saxlanılaraq istintaqa cəlb olunub. 9 ay aparılan istintaq yekunlaşdıqdan sonra, hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova 12 il hökm oxuyub. İslamçıları müdafiə edənlər bildirir ki, bu həbslər siyasi xarakterlidir və əsasən Mövsüm Səmədovun yanvarın 2-də partiyanın Baş Məclisində etdiyi çıxışla bağlıdır.
 
Qeyd edək ki, 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını, ölkədə mövcud olan korrupsiya və rüşvətxorluğun geniş vüsət almasını, qanun pozuntularının artmasını kəskin şəkildə pisləyib və hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirib. Hicab məhbusu Azərbaycan İslam Partiyasının sabiq sədr müavini  Hacı Vaqif Abdullayev  həbsdən 1 il sonra səhhətində yaranmış problemlərə və cəzaçəkmə müəssisə rəhbərliyinin o şəhidin sağlamlığına laqeyd yanaşmasına görə  cəzaçəkmə müəssisəsində dünyasını dəyişsə də,  digəriləri hələ də həbsxanadadır.
 
P.S: Bir çox yerli və beynəlxalq təşkilatlar AİP lideri Mövsüm Səmədovu siyasi və vicdan məhbusu kimi tanıyır. Həmin təşkilatlar Azərbaycan MTN-də baş verən son olayları və qurumun özbaşınalıqlarının üzə çıxmasını sübut gətirərək, Mövsüm Səmədov və digər siyasi məhbusların həbsini qeyri-qanuni hesab edirlər. /
 

 

Google+ WhatsApp ok.ru