Nəqliyyat sektoruna ayrılan 25 milyardın aqibəti necə olub?

Baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Kabinetinin sessiyasında çıxışında deyib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard dollar yönəlib.
 
APA-nın məlumatına görə, Abid Şərifov həmin vəsaitin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərcləndiyini deyib.
 
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan hökuməti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına olduqca böyük əhəmiyyət verir. O, həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin icrası da bu il başa çatacaq.
 
 
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, böyük neft pullarının bir hissəsi məhz nəqliyyat infrastrukturuna yönəldildi. Lakin 25 milyard dollarla faktiki olaraq yollar, nəqliyyat sistemi arasında əlaqə yaradılsa, böyük bir biabırçılıq ortaya çıxar: “Çünki ölkədə ən bərbad sahələrdən biri nəqliyyat sektorudur. Dəmiryolu, sərnişin və yükdaşıma, dəniz və hava yollarında bərbad vəziyyət hökm sürür. Iri miqdarda maliyyə yatırımları müsbət hal olsa da, nəticə tənəzzülə hesablananda, müsbət heç nədən danışmaq mümkün deyil. Həmin vəsaitlər düzgün xərclənməyib, bəlkə də onu nəqliyyat sisteminə yatırmağa ehtiyac yox idi. Hazırkı nəticələr bunu deməyə əsas verir. Geriləmələr varsa, demək, maliyyə vəsaitləri təyinatı üzrə xərclənməyib. Deməli, məsuliyyət daşıyan orqanlar neqativlərin üzə çıxarılmasında maraqlı olmayıb və əlbir, məqsədyönlü şəkildə mənimsəmə fəaliyyəti təşkil olunub. Maliyyə vəsaitlərinin böyük səviyyədə mənimsənilməsinin nəticəsidir ki, nəqliyyat sektorunda biabırçı vəziyyət ortaya çıxıb. Əlaqədar dövlət qurumları zamanında yoxlamalar aparsaydı, maliyyə vəsaitinin böyük hissəsini korrupsiyanın caynağından xilas etmək olardı. Abid Şərifovun açıqlamasını ciddiyə almaq lazımdır. Çünki külli miqdarda vəsait mənimsənildiyi üçün bütün nəqliyyat sektoru bu gün tənəzzül dövrünü yaşayır”. (azadlir.info)
 

Google+ WhatsApp ok.ru