Nə gətirmək olar?

Nə gətirmək olar?

Fiziki şəxslərin istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsinin güzəştli və sadələşdirilmiş qaydaları yenilənib.
 
Novator.az bildirir ki, Nazirlər Kabinetinin sentyabrın 21-də qüvvəyə minən qərarına görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirə bilər.
 
Başqa bir yeniliyə əsasən, Azərbaycanın gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
 
İki ildən az olmayaraq Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaiti və əmlakı, o cümlədən ümumi gömrük dəyəri 40000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsini gömrük ərazisinə gətirməsinə görə gömrük ödənişləri tutulmur.
 
Sentyabrın 21-dən 10000 ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar, 20000 manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar, səfər zamanı fiziki şəxslərin gətirdiyi, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları yazılı formada bəyan edilməli olan malların siyahısına salınıb.
 

Google+ WhatsApp ok.ru