Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müraciəti

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov müraciətlə çıxış edib. Müraciətdə deyilir: “  Noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı İmam Hüseyn  meydanında toplantılara son verilib. Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqda qərar qəbul edib. Sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib. Bazar ertəsi meydanın yuyulub-təmizlənməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Bu addımlar gərginliyin aradan qaldırılması, məsələləri danışıq yolu ilə qaydasına salmaq istəyimizin nümayişidir. Nardaran pirinə ziyarətə gələn amma hadisələrlə bağlı kəndi tərk edə bilməyən 200-300 zəvvar da yola salınıb. Bütün bu işlərdə Şuraya yardımçı olan rəsmi qurumlara, hüquq-mühafizə orqanlarına və sakinlərə minnətdarıq.    
 
Hadisələrlə bağlı kəndin giriş-çıxışındakı polis postlarının qalmasına hər hansı ehtiyac yoxdur. Sakinlərin normal həyata qayıtmaları üçün bu postların götürülməsi lazımdır, hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır. Qanunu pozmaq istəyənlər olsa bunun qarşının kənd əhli və Şura ala bilər.
 
Hadisələr zamanı həlak olanların meyitlərinin dəfn üçün ailələrinə verilməsi lazımdır. Bu addım gərginliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
 
Bundan əlavə, bu hadisələr zamanı nə qədər insanın həbs edilməsi, yaralı olması haqda dəqiq məlumat yoxdur. Ailələri yaralıların yanına buraxılmalı, həbs edilənlər vəkillərlə təmin olunmalıdırlar. Baş vermiş hadisələrin araşdırılması, mahiyyətin üzə çıxarılmasında biz də maraqlıyıq. Amma istintaq obyektiv, qərəzsiz, həbs edilənlərin ailələrinin istədiyi vəkillərin iştirakı ilə aparılmalıdır.
 
Hər cür qarşıdurmanın, vətəndaşa qarşı zor tətbiqinin  əleyhinəyik. Zoru, gücü ancaq ölkənin düşmənlərinə göstərmək olar, bir-birimizlə danışmaq üçün dil var, nitq var, dialoq var.    
 
Hadisələrlə bağlı kəndə verilən elektrikin borc adı ilə kəsliməsi məsuliyyətsiz addımdır. Elektrikin olmaması üzündən kənddə poçt xidməti, xəstəxana, digər orqan və qurumlar normal fəaliyyət göstərə bilmirlər. Odur ki, normal həyat vasitələri bərpa olunmalıdır. Xəstəxanada elektrikin olmaması üzündən xəstələrlə bağlı gözlənilməz hadisə baş verərsə bunun məsuliyyətini düşünmək lazımdır.  
 
Dekabrın 2-də Ərbəin- İmam Hüseynin Kərbəlada şəhid olmasının 40-ı ilə bağlı Nardaran pirinə çoxsaylı zəvvarların gələcəyi gözlənilir və bu mənada ziyarətə gələnlərə maneçilik olmamalıdır. Hər il olduğu kimi bu il də bu ziyarətdə xalqımıza əmin-amanlıq, rifah, səadət ruzi-bərəkət dualarımız, arzu və istəklərimiz olacaq”contact/

Google+ WhatsApp ok.ru