Narkomaniya orta məktəblərə də ayaq açıb?

Maide.az xəbər verir ki, "virtualaz" saytı «SOS: yeniyetmə və qadın narkomanların sayı artır» sərlövhəli yazı dərc edib.
 
Yazıda oxuyuruq: «Azərbaycanda narkomaniya cavanlaşaraq 13-14 yaşa keçib».
 
Yazıda əvvəlcə rəsmi statistikaya nəzər salınır. Qeyd edilir ki, narkotik vasitə istifadəçilərinin 11 min 402 nəfəri Bakıda qeydiyyatdadır. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkədə 28 min 656 nəfər narkoman qeydiyyatda olub. 
Daha sonra da müəllif bildirir ki, son 5 ildə narkomanların sayı 10 dəfə artıb.
 
Yazıda baş narkoloq Lalə Cəfərovanın sadaladığı rəqəmlərə də yer verilib. L.Cəfərova qeyd edir k, son 1 ildə narkoman qadınların sayı 5.4 faiz artıb. Bakı şəhər Narkoloji Dispanserdə ötən il 313 qadın qeydiyyatda olub. L.Cəfərova etiraf edir ki, narkomaniya orta məktəblər və liseylərdə əsl problemə dönüb: «Açıq demək lazımdır ki, məktəblərdə problem yaranıb. Məsələn, bu il orta məktəblərdə çalışan psixoloqların iştirakı ilə təlim keçirdik. Psixoloqlar şagirdlərin yoxlanılmasını tələb edirdilər. Onlar da məktəblərdə narkotik vasitələrdən istifadə edildiyini etiraf edirlər». 
 
Mütəxəssis deyir ki, 7-ci sinifdən başlayaraq narkotikdən istifadə edən məktəblilər var. Hətta, dispanserə 16-17 yaşlı məktəblilər müraciət edib.
 
Apteklərdə hələ də narkotik tərkibli dərmanlar satıldığını deyən baş narkoloq bunu aradan qaldırmağı tələb edir.
 
Mütəxəssis onu da deyir ki, son vaxtlar müalicəni çətinləşdirən problemlərdən biri sintetik narkotiklərdən istifadədir: «Əvvəl morfidən istifadə edilirdi, anaşa çəkənlərin sayı az idi. İndi getdikcə həm narkomanların yaşı cavanlaşır, həm də müxtəlif formalar meydana çıxır. Məsələn, hazırda əksəriyyət sintetik narkotik vasitələrdən istifadə edir. Buna görə də getdikcə xəstələrin vəziyyəti ağırlaşır».

Google+ WhatsApp ok.ru