Natiq Cəfərli: «Kimi axmaq sayırlar?»

Su və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması yoxsul və aztəminatlı ailələrin dövlətdən ünvanlı sosial yardımalma imkanlarını daha da məhdudlaşdırıb.

 
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul belə düşünür:
 
“Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiqlənmiş yaşayış minimumunun 10 faizini aşanda, sosial yardım təyin olunmur. Ölkə üzrə yaşayış minimumu indi 136 manatdır. Belə çıxır ki, bir ailə ayda 13 manat 61 qəpiklik su, kanalizasiya, zibil, işıq, istilik, qaz və telefonpulu ödəsə, ona sosial yardım verilməyəcək. Nəzərə alın ki, orta hesabla, kasıb ailələrdə, ən azı, 4 nəfər olur. Bu qədər absurd-anlamsız bir qərardır”.
 
“Sosial narazılığın qarşısını almaq istəyirlər”
 
Ekspert “Azərsu”nun qiymət artımı ilə bağlı əsaslandırmasını da qəbul etmir:
 
“Bu qurumun qiymət artımına dair izahını 2 başlıqda toplamaq olar:
 
1) Öhdəliklərin və cəmiyyətin iş gücünün artması xərcləri çoxaldıb;
 
2) İddia edilir ki, 180 ölkə arasında su və kanalizasiya xidməti xərclərinə görə, Azərbaycanda qiymətlər 24 ölkədən baha, qalanlarından ucuzdur”.
 
Q.Toğrul belə əsaslandırmanın tək məqsəd güddüyünü deyir:
 
“Camaata təskinlik vermək, sosial narazılığın qarşısını almaq istəyirlər. Ancaq yaxşı olardı ki, 1 kubmetr suyun Berlində 6.43 dollara olduğunu yazan saytlar, o cədvələ bir sütun da artırıb bildirəydilər ki, ötən il Almaniyada orta aylıq əməkhaqqı 2 min 870 avro (3251dollar və ya təxminən 5 min manat) olub. Yaxud 1 kubmetr suyun 1.5 dollar olduğu Moskvada ilin əvvəlində orta aylıq əməkhaqqı 1025 dollar idi, - bunu yazaydılar. Azərbaycanda isə bu ilin 1-ci rübündə orta aylıq əməkhaqqı 472 manat (315 dollar), suyun 1 kubmetrinin qiyməti isə 0.24 dollar olub”.
 
“Kəmərin mayasına pul vermişiniz ki?!”
 
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya açıqlamasında bəzi ölkələrdə suyun maya dəyərinin çox aşağı olmasına diqqət çəkib:
 
“Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir".
 
Ekspert Natiq Cəfərli Azərbaycanda suyun maya dəyərinin yüksək olması fikrini qəbul etmir:
 
“Kimi axmaq sayırlar? Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində pulu vəhşicəsinə yedilər. Bir milyard dollar Neft Fondunun vəsaiti, yəni dövlət vəsaiti hesabına kəmər çəkildi, 264 km-lik yolda su yuxarıdan aşağıya öz axarıyla gəlir. Kəm
ərin mayasına pul vermisiniz ki, buna görə qiymət qaldırırsınız?! Yəni, dünənədək su kəmərləucuz gəlirdi, bu gün mayası artdı?!”.
 
​“Desinlər ki, “Azərsu” xirtdəyədək borcun içindədir”
 
N. Cəfərli Kür kəmərinin sovet dönəmində çəkildiyini xatırladır və deyir:
 
“Bu kəmər öz mayasını dəfələrlə çıxarıb. Bu nə məntiqsiz izahdır?! Desinlər ki, “Azərsu” xirtdəyədək borcun içindədir. Niyə demirlər ki, yarıtmaz idarəçilik sisteminə malik qurumuq, bacarıqsız ve korrupsionerik?!. Son 3-4 ildə 100-ə yaxın bahalı maşın alıblar. Yaxşı, şirkətin maliyyə vəziyyəti pisdirsə, niyə alırdınız o maşınları?! Açıq deyin ki, borcları vətəndaşın cibindən çıxartmaq üçün qiymətləri qaldırdıq”.
 
 

Google+ WhatsApp ok.ru