Naxçıvandakı partiyalar İlqar Nəsibovun döyülməsini pisləyirlər

Jurnalisti döyənlərdən biri, Fərid Əsgərov saxlanılıb

 

Naxçıvandakı bir qrup siyasi partiya İlqar Nəsibovun döyülməsini pisləyən bəyanatla çıxış edib.

Musavat.com--un məlumatına görə, bəyanatı imzalayan Müsavat, AXCP və Vətəndaş Həmrəyli Partiyası hesab edir ki, İlqar Nəsibovun döyülməsi yerli hakimiyyətin hüquq müdafiəçiləri, jurnalistlər və siyasi partiyalara olan hücumlarının davamıdır.

«Biz yerli hakimiyyətdən İlqar Nəsibovun döyülməsi faktını obyektiv araşdırmasını və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik» - bəyanatda bildirilir.

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri -  Fərid Əsgərov saxlanılıb.

İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Qeyd edək ki, Avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinə hücum edərək qurumun rəhbəri Məlahət Nəsibovanın həyat yoldaşı, jurnalist İlqar Nəsibovu döyənlərdən biri, Fərid Əsgərov saxlanılıb. Naxçıvan Şəhər Polis İdarəsinin istintaq təhqiqat bölməsinin rəisi  Nemət Cəfərov Məlahət Nəsibovaya bu barədə məlumat verib.

Meydan TV-yə açıqlama verən Məlahət Nəsibova bildirib ki, dəfələrlə onlar oxşar zorakılıqlarla üzləşiblər: “Amma istintaq işləri sona qədər aparmayıb, yəni kimisə 15 sutka saxlayandan sonra azad ediblər. Bizi maraqlandıran Fərid Əsgərovun arxasında kimlərin dayanmasıdır. Düzdür, o, bizim ofisə tez-tez gələrdi, atası da müxalifətyönlü insanlarla yaxın olub. İlqar deyir ki, o yaxınlaşanda telefonla kimdənsə təlimat alırdı. Telefonda açıq şəkildə “vur onu” sözlərini eşidirmiş”.

Məlahət Nəsibova bildirib ki, xəstəxana təmir olduğundan İlqar Nəsibovu evə gətiriblər: “Çünki İlqarın toz-torpağa alergiyası var, hər dəfə açqırdıqca beyninə ziyan edir. Həkimlər artıq hərəkət etməmək üçün hələ onu Bakıya gətirməyə icazə vermirlər. Güman ki, 5-10 gün sonra bu barədə nəsə danışmaq olar”  /

Google+ WhatsApp ok.ru