Naxçıvanda çörəyin qiyməti nədən qalxmadı?

Naxçıvanda çörəyin qiyməti nədən qalxmadı?

«Azadlıq» qəzetində «Taxıl monopoliyası İlham Əliyevə güc gəlir» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda qeyd edilir ki, çörəyin qiymətinin 10 qəpik qaldırılması əhalinin sosial durumuna daha bir zərbə vurdu. Nəticədə xüsusilə aztəminatlı ailələrin iqtisadi problemləri bir qədər də artdı. Müəllifin fikrincə, digər ərzaq məhsullarını ala bilməyən ailələr çox zaman çörəyin sayını artırmaqla yeməyə olan gündəlik tələbatlarını ödəyirdilər.
 
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun bildirməsinə görə, çörəyin bahalaşmasından bir gün öncə elan edilmişdi ki, Azərbaycanın kifayət qədər taxıl resursu var. Amma çörəyin qiyməti yenə artırıldı: «Ölkədə həm taxıl idxalı inhisardadır, həm də taxıl istehsalı nəzarət altındadır. Çörəyin qiyməti devalvasiya zamanı bilərəkdən artırılmadı. Çünki həmin vaxt manat dəyərdən düşmüşdü və çörəyin bahalaşması cəmiyyətdəki narazılığı daha da artıra bilərdi. Hökumət sosial partlayışın qarşısını almaq üçün belə bir addım atdı. Amma indiki mərhələdə özü qiymət artımına gedir. Hazırda qiymət artımı, ilk növbədə, hökumətə xeyir edir. Çünki vergi ödənişləri artacaq və hökumətin yükü nisbətən azalacaq. Çörəyin qiymətinin artımı yuxarılarla razılaşdırılmışdı. Ona görə də əvvəlcədən elan edildi».
 
V.Məhərrəmov Naxçıvanda çörəyin qiymətinin dəyişməməsinin səbəblərinə də toxunub: «Sanki Naxçıvana xüsusi status verilib. Eyni zamanda dövlət tərəfindən Naxçıvana külli miqdarda subsidiya verilib. Naxçıvan digər regionlarla müqayisə olunmaz dərəcədə çox subsidiya alır. Bu subsidiya çörəyin qiymətini əvvəlki səviyyədə saxlamağa imkan verir».
 

Google+ WhatsApp ok.ru