Neft düşür, manat da düşəcəkmi?

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan büdcəsində ciddi kəsirin yaranmasına səbəb ola bilər. Bu barədə ekspertlər də dəfələrlə bildirib.
Artıq dünya birjalarında bir barrel Brent markalı neftin qiyməti 50 dollardan aşağı düşüb.
Azərbaycan neftinin qiyməti dünya bazarında Brent markalı neftin qiymətinə nisbətdə təyin edilir və Azeri Light Brentdən 0,60-1 dollar baha olsa da, onun qiymətinin artıb-azalması Brent markasına bağlıdır.
Qeyd edək ki, bu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiyməti 90 dollardan proqnoz edilib. Neftin bir barrelinin qiymətinin 49 dollara düşməsi və satılması isə qiymətin hesablanmış 90 dollara nisbətdə 46 faizə qədər ucuzlaşması deməkdir.
Azərbaycan bu ilin birinci yarısını 700 milyon manatdan çox kəsirlə başa vurub.
Eyni zamanda manatın məzənnəsinin saxlanılmasında neftdən gələn gəlirlərin xüsusi rolu var. Neftin kəskin ucuzlaşması isə manata olan basqını artıra bilər. Fevral ayında da neftin qiymətlərinin kəskin düşməsi Azərbaycanda manatın 33 faiz ucuzlaşmasına səbəb olub. Bu isə onu deməyə əsas verir ki, manatı növbəti ucuzlaşma dalğası gözləyir. Baxmayaraq ki, Azərbaycan hökuməti neftin qiymətinin azalmasının ölkə iqtisadiyyatına təsir etməyəcəyini deyir.
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının son 8 ayda 5,26 milyard dollar azalması bir daha təsdiqlədi ki, fevral devalvasiyası çıxış yolu deyildi.
Neftin ucuzlaşmaqda davam etməsi isə Azərbaycanda yenidən devalvasiyanın ola biləcəyini deməyə əsas verir. Çünki neft ucuzlaşdıqca manata təzyiq artır. Son aylar isə vəziyyət manatın əleyhinə işləyir. Neftin ucuzlaşması davam etsə, devalvasiya qaçılmaz olacaq. Ekspertlər ilin sonuna qədər 15-20 faiz devalvasiyanın ola biləcəyini deyirlər. Çünki büdcəsi neftdən asılı olan hökumətin başqa çıxış yolu qalmır. azadliq/ 

 

Google+ WhatsApp ok.ru