Neft Fondunun büdcəsi ixtisarlarla təsdiqləndi

Köçkünlər üçün nəzərdə tutulan xərc yarıbayarı azaldıldı

Azər Mehtiyev: «Neftin qiymətinin 90 dollardan götürülməsi o deməkdir ki, bu il üçün neftin satışından gələn gəlirlər ən azı iki dəfə azala bilər»

Dövlət Neft Fondu (DNF) 2015-ci il büdcəsi layihəsində bir sıra strateji və sosial layihələr üzrə xərclərini azaldıb. Bu haqda Fondun 2015-ci ilin büdcəsinə dair fərmanında göstərilir. Fərmana görə, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 milyard 246 milyon manat, xərcləri isə 11 milyard 813 milyon manat məbləğində təsdiq edilib.

Qeyd edək ki, DNF-nin xərcləri və gəlirləri icmal büdcədə göstərilən proqnozdan təqribən 500 milyon manat az nəzərdə tutulub.ÿAmma Fondun büdcəsiylə bağlı kifayət qədər qaranlıq məqamlar var. Ən əsası onu nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti sürətlə düşür. Bu isə artıq o deməkdir ki, Fondun 2015-ci il büdcəsinin gəlirləri 10 milyard olmaya bilər. Bu isə onsuz da gəliri bir milyardı üstələyən xərc maddəsinin icrasını çətinləşdirəcək. Çünki əgər neftin qiyməti büdcədə 90 dollardan nəzərdə tutulubsa, Neft Fondunun bu il üçün gəliri ən azı iki dəfə az ola bilər. Çünki hazırda neftin dünya bazar qiyməti 50 dollar çivarındadır.

Bundan başqa, Dövlət Neft Fondunun daha bir gəlir mənbəyi şübhə altındadır. Belə ki, Fond valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından 495 min manat əldə etməlidir.

Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərclərinə gəlincə,ÿaşağıdakı layihələrin icrası nəzərdə tutulub.

Birinci diqqət çəkən xərc qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsidir. Bu istiqamətə bu il 150 milyon manatın xərclənməsi nəzərdə tutulur. Bu göstərici keçənilkindən iki dəfə azdır. 2014-cü ilin proqnoz büdcəsində eyni istiqamətə 300 milyon manat müəyyənləşdirilmişdi.

Beləliklə, Neft Fondunun büdcəsiylə bağlı suallar bunlardan ibarətdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, büdcədə neftdən bu il daxil olacaq gəlirin 1.4 milyard dollar az olması nəzərdə tutulub. Amma ekspertlər bu göstəricinin iki-üç dəfə artıq olacağını düşünür.

Iqtisadçı ekspert Azər Mehtiyev hesab edir ki, Neft Fondunun bu formada təsdiqlənməsi Azərbaycanda büdcə proqnozlaşdırılmasının nə səviyyədə olmasından xəbər verir. Büdcə müzakirə olunanda neftin qiymətinin sürətlə düşməsi prosesi gedirdisə, bu, nəzərə alınmalıydı. Hazırda Dövlət Neft Fondunun büdcəsi müəyyən ediləndə artıq neftin qiyməti 50 dollara düşüb. Ekspertlər isə bu qiymətin yaxın zamanda 60 dollardan yuxarı qalxmayacağını proqnozlaşdırır: “Azalan hasilatın və neftin qiymətinin aşağı düşməsinin fonunda büdcədə neftin qiymətinə yenidən baxmaq olardı. Neftin qiymətini dünya bazarına uyğun olaraq ən azı 60-70 dollardan götürmək mümkün idi. Neftin qiymətinin 90 dollardan götürülməsi isə o deməkdir ki, bu il üçün neftin satışından gələn gəlirlər ən azı iki dəfə azala bilər. Təsdiq olunan xərclərin əsas hissəsi 10.4 milyard manat büdcəyə transfert olunur. Bu, dövlət büdcəsinin yarısından bir qədər çoxdur. Bu isə o deməkdir ki, dövlət büdcəsinin gəlirləri məhz Neft Fonduna söykənir, onun gəlirlərinə əsaslanır. Hazırkı büdcə onu deməyə əsas verir ki, Fondun xərcləri onun gəlirlərindən iki dəfə çox ola bilər”.

A.Mehtiyev hesab edir ki, yaranmış durum Neft Fonduna daxil olan vəsaitlərdən il ərzində daha çox xərcləmə etməyə vadar edə bilər: “Birinci dəfə olaraq Neft Fondunun büdcəsində əvvəlki illərdə toplanmış vəsaitlərin xərclərə yönəldilməsinə gətirib çıxara bilər. Dünya bazarında neftin qiyməti düşməyə başlayandan ekspertlər deyirdilər ki, bu, Azərbaycanda da ağır nəticələrə gətirib çıxara bilər. Ona görə Azərbaycanın dövlət büdcəsinin 65-70 faizi birbaşa neft gəlirlərindən asılıdır. Belə bir vəziyyətdə neftin qiymətinin kəskin düşməsi, neft hasilatının azalması büdcənin vəziyyətini ağırlaşdırır”.azadliq.info /


 

Google+ WhatsApp ok.ru