İnhisarçıların uydurduğu ''süni qiymət artımı''

İnhisarçıların uydurduğu ''süni qiymət artımı''

Malın, məhsulun satış və alış qiyməti bazarın yaratdığı dəyərlə ifadə olunur. Yəni bazar, çəki, ədəd, ölçü meyarlarından vacib olan qiymətləndirmə funksiyasını həyata keçirir.
 
Bu zaman təklif, tələb, keyfiyyət, real vəziyyət kimi amillər malın qiymətinə müsbət və yaxud mənfi təsir göstərir. Bazarın müəyyənləşdirdiyi qiymətlər real olur. Bazar konkret obyekt də ola bilər, abstrakt bir məkan da, nəticə etibarı ilə fərq etməz, hər iki halda əsas funksiyasını qoruyub saxlayır. Hər hansı bir bazar obyektini dağıtmaqla onun qitmətqoyma funksiyasını dəyişmək mümkün deyil. Həmin obyektin bir neçə metrliyində alıcı ilə satıcı, yəni istehlakçı ilə istehsalçı sövdələşərək alış-veriş edəcəklər. Həmin məkanda da yenə bazar qiyməti formalaşacaq. Və yaxud çörək bazarı konkret bir obyekt kimi yaranmasa da, ölkədə belə bazar abstrakt olaraq mövcuddur və qiymətləri də həmin bazar müəyyənləşdirir.
 
Bazara məmur müdaxiləsi, inzibati təsirlər yalnız qısa müddətdə, dar bir məkanda mümkündür. Lakin belə müdaxilələr sonda heç bir müsbət nəticə vermir. Əksinə, bu müdaxilələr bazardakı iki oyunçudan birinin, ya istehsalçının, ya da istehlakçının ziyanına yönəlir. Bu ziyan da sonrakı etaplarda süni yaradılmış vəziyyətdən müvəqqəti uduş əldə edənin hesabına ödənir. Alıcıları, satıcıları aldatmaq mümkün olsa da, bazarı aldatmaq mümkün deyil. Buna görə də hökumət məmurlarının bazara mütamadi təsir cəhdləri boşa çıxır.
 
Uzun müddətdir ki, Azərbaycanda “süni qiymət artımı” ifadəsi ölkə başçısı və nazirlər tərəfindən tez-tez işlədilir. Baxmayaraq ki, “süni qiymət artımı”nın nə demək olduğu haqda heç bir anlayışları yoxdur. Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev “Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla bağlı İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazımi tədbirlər həyata keçirirdi, lakin müşavirədən sonra bu cür tədbirlər daha intensiv oldu”, - deyib. 
 
Nazirin sözlərinə görə, istehlak bazarında aparılan monitorinqlərin əhatə dairəsi genişlənib: 
 
“Təbii İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını alacaq. Bu istiqamətdə bütün zəruri addımlar atılacaq” – deyə, Şahin Mustafayev bildirib. 
 
Maraqlıdır, bazar formalaşdırdığı qiymətin süni olub-olmadığını bunlar necə müəyyən edirlər? Bəlkə bunlarda analoqu olmayan, qiymət ölçən, malın, məhsulun qimətinin süni və yaxud təbii olduğunu dəqiq müəyyən edən hansısa bir cihaz var? Bəlkə bunlar optimal qiymətlə süni qiymət arasındakı həddi də müəyyən edə bilirlər. Belə bacarıq varsa, bu başqa məsələ… Ancaq tam əminliklə deyə bilərəm ki, bunların bazar iqtisadiyyatından anlayışı olsa, heç vaxt süni qiymət artımını dillərinə gətirməzlər. 
 
Bu gün Azərbaycanda ərzaq mallarının qiyməti digər ölkələrlə müqayisədə 30-40 faiz yüksəkdir. Bəzi malların qiymətində isə fərq 2 dəfə çoxdur. Bunun səbəbi isə inhisarçılıqdır, monopoliyadır. Monopoliya idxalda və topdansatış bazarındadır. Ölkədə işgüzar mühit yaransa, inhisarçılıq aradan götürülsə, bazarlarda qiymətlər optimal həddə düşər.(meydantv)
 

Google+ WhatsApp ok.ru