İNHİSARÇILIĞA YOL AÇMAQ

İNHİSARÇILIĞA YOL AÇMAQ

"Bizim Yol" qəzetində "Taksi xidmətində vahid qiymət alınmayacaq" sərlövhəli yazı oxumaq olar.
 
Yazıda qeyd edilir ki, Tarif Şurası taksi xidmətində də vahid qiymət tətbiq etmək niyyətindədir.
 
Müəllifin söhbətləşdiyi fərdi taksi sürücüləri bu məsələnin gerçəkləşəcəyinə inanmadıqlarını bildiriblər. Onların fikrincə, taksi xidməti özəl sahə olduğundan, hökumət ancaq dövlət rüsumunun ödənilməsi ilə maraqlanmalıdır.
 
Ekspertlərdən Ərşad Hüseynov da taksi xidmətində vahid tarifin tətbiq olunmasını mümkün saymır: "Düşünürəm ki, belə bir şey olmayacaq, çünki mümkün deyil. Belə ki, 10 il öncə dövlət taksi xidməti sahəsinə vahid qiymət müəyyənləşdirmişdi, sonradan bu qərarını ləğv etdi. Yenidən həmin qərara qayıtmağa ehtiyac yoxdur".
 
İqtisadçı Natiq Cəfərli də deyir ki, hökumət bu sahədə müsbət iş görmək istəyirsə, rəqabət mühiti yaratsın: "Taksi xidmətində qiyməti hökumət tənzimləyəcəksə, deməli, bu sahədə də inhisarçılıq olacaq. Taksi xidməti nadir sahələrdən biridir ki, burada kiçik və orta sahibkarlığın inkişafı üçün potensial var". / 

Google+ WhatsApp ok.ru