Nikah müqaviləsi kimi qoruyacaq?

Nikah müqaviləsi kimi qoruyacaq?

-- Hər il Azərbaycanda təxminən 100-110 belə müqavilə bağlanır

Azərbaycanda nikah müqaviləsi institutunun yaradılması üzrə ictimai dinləmələr başlayıb. Bu təşəbbüsü Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva irəli sürüb. O, Ailə Məcəlləsinə dəyişiklik etməyi və icbari nikah müqaviləsi bağlanmasının tətbiq edilməsini təklif edib.
 
Deputatın sözlərinə görə, ölkədə boşanmaların sayı artıb. Bunun səbəbi tərəflərin məsuliyyətinin, çətinlikləri birlikdə aşmaq istəyinin olmamasıdır. Nikah müqaviləsi icbari olmalıdır, belə olan halda boşanmaların sayı azalacaq.
 
Sosial şəbəkələr, media saytlarında hüquqşünasların, ekspertlərin, hüquq müdafiəçilərinin, dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə nikah müqaviləsi bağlanmasına imperativ xarakter verilməsinin məqsədəuyğunluğu, vətəndaşlarımızın mentaliteti, yeniliyə hazır olub-olmamaları, təklif edilən yeni modelin psixoloji məqamları ilə bağlı müzakirələr başlayıb.
 
Rəsmi statistikaya əsasən, ötən il Azərbaycanda 63 mindən çox nikah və 14 mindən çox boşanma qeydə alınıb. Boşanma proseslərinin heç də hamısı sakit ayrılıq və VVAQ şöbəsinin qərarı ilə yekunlaşmır. Bir çox ailə cütləri üçün bu prosedur sənədlərin yığılması, məhkəmə təhqiqatı, müxtəlif məhkəmə instansiyalarının qapılarını döyməklə müşaiyət olunur. Əmlak bölgüsü, uşaqların kiminlə qalacağı, aliment alınması ilə bağlı məsələlər - bütün bunlar çox zaman, əsəb və vəkil xidmətlərinin ödənilməsi üçün pul tələb edir.
 
Ölkənin Ali Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, 2014-cü ildə ölkədə Ali Məhkəmədə 8668 işə, 2015-ci ildə 9404 işə baxılmışdısa, 2016-cı ildə bu rəqəm 10 000-ə çatıb.
 
Bütün işlərin 75%-i mülki məsələlərin payına düşür. Ən çox əmlak bölgüsü, miras, aliment və boşanma məsələləri ilə bağlı müraciətlər daxil olur.
 
Bu kontekstdə boşanmaların azaldılması üçün profilaktik tədbir kimi icbari nikah müqaviləsi bağlanmasının tətbiqi təklifi məntiqli və ağlabatan görünür. Amma hüquqşünaslardan və sosioloqlardan fərqli olaraq, sıravi vətəndaşlar başqa mövqe tutur. Bəzi yuzerlər hesab edirlər ki, nikah müqaviləsinin icbariliyi vəziyyəti dəyişdirməyəcək. Son vaxtlar öz mənzillərini anaya, ataya, qardaşa və s. hədiyyə kimi rəsmiləşdirilməsi təmayülü ortaya çıxıb. Qanunla nikah pozularkən, arvada və uşağa mənzil düşmür, belə ki, hədiyyə əmlak bölünmür.
 
"Nikah müqaviləsi maxinatorlara lazımdır. Ailə qurmaq istəyən insanlara deyil! Müqavilə haqqında danışan əvvəlcədən boşanacağından əmindir və pulu bölmək istəyir. Boşanmanın bütün nüansları, nəyin necə bölünəcəyi əks olunan qanun var. Gənclərə zorla nikah müqaviləsi baəıatdırmaq olmaz, bu, könüllü işdir", digər sosial şəbəkə istifadəçiləri belə hesab edirlər.
 
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov qeyd edir ki, cəmiyyətdə könüllü əsaslarla nikah müqaviləsi bağlanması haqqında bənd var. Hər il Azərbaycanda təxminən 100-110 belə müqavilə bağlanır, bu da boşanmaların sayı ilə müqayisədə kifayət qədər aşağı göstəricidir. Boşanma prosedurları zamanı bu müqavilələr mühüm əmlak məsələlərinin və digər məsələlərin həllində kömək edə bilər. Nikah müqaviləsi əmlak hüquqlarını tənzimləyir, əmlak hüquqlarının müdafiəsinə yönəlib.
 
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu tədbirin əhəmiyyətini insanlara çatdırmaq üçün əhali arasında informasiya-maarifləndirmə işləri aparılmalıdır. Nikah müqaviləsi məsələsinə münasibət dəyişdirilməlidir. İnsanlar başa düşməlidir ki, bu sənədin icbari bağlanmasının tətbiqi heç kimin hüquqlarını pozmayacaq. Əksinə, bu, şəxsiyyətin hüquq və azadlıqlarının genişləndirilməsi təmayülüdür. Niyə bizdə heç kim nikah bağlamazdan və ya sürücü vəsiqəsi almazdan əvvəl QİÇS, talassemiya və digər xəstəliklərin olub-olmaması ilə bağlı tibbi yoxlanmaya qəzəblənmir.
 
"Heç vaxt sabahdan 100% əmin olmaq olmaz və təəssüf ki və ya yaxşı ki, hisslər də istisna deyil. Nikah müqaviləsi boşanma prosesinin mənfi tərəflərinin qarşısını ala bilər, vicdansız həyat yoldaşından qoruyar. Bundan başqa, sənəd miras məsələlərini, müxtəlif ailə hüquqlarını və həyat yoldaşlarının öhdəliklərini (məsələn, onlardan hər birinin ailənin xərclərini qarşılaması) əhatə edə bilər, amma həyat yoldaşlarının bir-biri, uşaqları, qohumları ilə qarşılıqlı münasibətlərinə heç cür təsir etmir", deyə Zeynalova qeyd edir.
 
Amma müstəqil iqtisadçılar hadisələri tələsdirməməyi, bu cür sazişlərin icbari bağlanmasının tətbiqinə tələsməməyi məsləhət görürlər. Cəmiyyət yeniliyə, boşanma zamanı əmlakın müqavilə ilə bölünməsi rejiminin tətbiqinə hazır olmalıdır. İlk növbədə qanunvericiliyi təkmilləşdirmək, qadınların iqtisadi imkanlarını genişləndirmək, gənclərin öz daşınmaz əmlakını, avtomobilini ala bilməsi üçün onların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Onda böləcək əmlak da olar.(contact.az)
 

Google+ WhatsApp ok.ru