Nömrəsi 85-lə başlamayan maşınlar Naxçıvandan çıxarılır

Bu ilin əvvəlindən Azərbaycanın Respublikasının digər ərzilərinə məxsus olan dövlət nömrə nişanlı avtomobillər Naxçıvan Muxtar Respublikasından çıxarılır. Bu haqda Azadlıq Radiosuna Naxçıvan sakinləri məlumat veriblər.

Xəbərə görə bundan sonra Naxçıvanda nömrə nişanı yalnız 85-lə (bu, Naxçıvan avtomobillərinə verilən koddur) ilə başlayan avtomobillərin qeydiyyatı saxlanacaq. Avtomobil sahibləri bidirir ki, baş etibarnamə ilə idarə olunan bütün maşınlar isə Naxçıvan Muxtar Respublika DYP-də qeydiyyatdan çıxarılması planlaşdırılır.

Naxçıvan sakinləri bildirirlər ki, bununla bağlı Dövlət Yol Polisi əməkdaşları reydlər keçirir, 85 kodu ilə başlamayn avtomobillər saxlanaraq cərimə duracaqlarına aparılır. Burada isə sahiblərindən 3 gün ərzində Naxçıvan ərazisindən çıxaracağı ilə bağlı iltizam alındıqdan sonra avtomobillər geri qaytarılır.

“YOLDA SAXLAYIB CƏRİMƏ DURACAĞINA APARDILAR”

Naxçıvan sakini Vaqif Quliyev deyir ki, buraxılış ili 2001 olan avtomobilini uzun müddətdir ki, Naxçıvan DYP-də qeydiyyatda olan baş etibarnamə ilə idarə edir. Onun bildirdiyinə görə, etibarnamənin müddətinin bitməsinə 2 ildən çox vaxt qalmasına baxmayaraq, avtomobilinin Naxçıvandan çıxarılması tələbi onu təəccübləndirib:

“Məni də yolda saxlayıb, cərimə duracağına apardılar. Deyirlər ki, etibarnaməm Naxçıvan qeydiyyatından çıxarıldığından, burada avtomobil idarə edə bilmərəm. Bunu hansı qanuna əsaslanıb edirlər, başa düşmək çətindir. Heç bir tutarlı izahat da vermək istəmirlər. Deyirlər ki, avtomoibil çıxmalıdır.

Naxçıvanda əvvəl belə bir qayda var idi ki, ili 2010-dan aşağı olan avtomobillərə nə yerli dövlət nömrə nişanı verirdilər, nə də ki, etibarnaməni qeydiyyata alırdılar. Həmin avtomobilləri Naxçıvanda yalnız 2 ay sürməyə icazə verilirdi. İki ay sonra isə həmin avtomobil Naxçıvandan çıxarılmalı idi. Bunu belə izah edirdilər ki, guya Naxçıvanda köhnə maşın qalmamlıdır.

Buna baxmayaraq, ili 2010-cu ildən aşağı olan, etibarnamə ilə idarə olunan xeyli köhnə avtomobil bu qayda tətbiq olunmazdan öncə Naxçıvanda qeydiyyata alınmışdı. İndi, məqsədləri həmin avtomobilləri Naxçıvandan çıxarmaqdır”.

KÖHNƏ AVTOMOBİLİ NAXÇIVANDA İDARƏ ETMƏYİN YOLU...

Vaqif Quliyev bildirir ki, avtomobili Naxçıvanda idarə etmək üçün yol polisi əməkdaşları ona çıxış yolu da təklif ediblər. Onu sözlərinə görə, təklif olunan variant çox bahaya başa gəldiyindən heç kim bununla razılaşmaq istəmir:

“Mənə dedilər ki, gərək maşınımı hər 2 ayda bir dəfə Azərbaycanın digər bölgəsinə aparıb geri qaytaram. Bunun üçün isə, İran ərazisindən keçib, Biləsuvar gömrüyündən Azrbaycana çıxmaq lazımdı. Bu da təxminən 250 manat tələb edir. Avtomobili 2 ay idarə etmək üçün 250 manat xərcləmək heç kimə sərf eləmir. Məcburuq aparıb Bakıda dəyər-dəyməzinə sataq”.

“NƏYƏ GÖRƏ DİGƏR RAYONLARDA OLAR, NAXÇIVANDA YOX?”

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər Naxçıvan sakini isə bildirir ki, yeni qayda tətbiq olunandan avtomobilini yola çıxarmağa ehtiyyat edir:

“Bu nə qaydadır başa düşə bilmirik. Naxçıvan məgər Azərbaycanın tərkib hissəsi deyil? Elə bil, xaricdən maşın almışıq, indi deyirlər 2 ayda bir dəfə giriş-çıxış olmalıdı? Nəyə görə həmin avtomobili plkənin başqa rayonlarda sürəndə problem yaranmır, Naxçıvanda yaranır? Mənim avtomobilimin elə də dəyəri yoxdur. Pul xərcləyib aparıb Bakıda satmağa da dəyməz. Çünki, onu satanda əldə etdiyim pulun çoxu yola çıxacaq. Kasıb adamlarıq. Həmin avtomobillə ailəmin çörəkpulunu çıxarırdım. İndi necə olacaq, bilmirəm. Yeni avtomobil almağa da imkan yoxdur”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən avtomobil sürücülərinin iddiaları ilə bağlı suallarımıza cavab qısa oldu:

“Naxçıvanda avtomobillərin qeydiyyat məsələsi qanunla tənzimlənir”.

“NAXÇIVAN XARİCİ ÖLKƏ YOX, AZƏRBAYCANIN TƏRKİB HİSSƏSİDİR”

Hüquqşünas Müzəffər Baxışov bildirir ki,avtomobilin qeydiyyatdan çıxarılması yalnız sahibinin yazılı müraciətindən sonra, onun razılığı ilə baş tuta bilər:

“Əgər belə bir şey varsa, bu, böyük qanunsuzluqdur. Yalnız xarici ölkədə qeydiyyatda duran avtomobilləri Azərbaycanda 2 aydan çox saxlamaq olmaz. Qanunvericiliyə görə, bu müddət bitdikdən sonra avtomobili həmin ölkəyə qaytarıb, yenidən Azərbaycana gətirib, idarə etmək olar. Yəni, iki ayda bir dəfə gömrükdə giriş-çıxış olmalıdır.

Naxçıvan isə xarici ölkə yox, Azərbaycanın tərkib hissəsidir. Qanuna görə, Azərbaycan ərazisində qeydiyyatda duran avtomobil ölkənin istənilən regionunda istismar oluna bilər. Yalnız texniki nasaz avtomobillərin istismarına müvəqqəti qadağa qoyula bilər”.

Ötən il Naxçıvanda ili 1985-dən aşağı olan yük və minik avtomobillərinin məcburi yığıldığı bildirilirdi. Həmin vaxt yerli sakinlər Azadlıq Radiosuna bildirmişdilər ki, yığılan avtomobillərə görə 160 manat konpensasiya ödənilib.

Google+ WhatsApp ok.ru