Norveçdə siyasi məhbuslara dəstək yürüşü keçirilib

Sentyabrın 9-da Norveçin paytaxtı Osloda bütün dünyadakı siyasi məhbuslara dəstək üçün dinc yürüş keçirilib.
 
Bir çox ölkələrin vətəndaş sektorunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi yürüş “İnsan Hüquqları Evləri” şəbəkəsinin yaradılmasının 20 illiyinin qeyd edilməsi çərçivəsində keçirilib.
 
Yürüş iştirakçıları üzərində siyasi məhbusların təsvirləri olan köynəklərə Norveç Parlamentindən Ədəbiyyat Evinə qədər bir kilometrdən çox məsafə qət ediblər.
 
Avropada siyasi məhbusların və vicdan məhbuslarının sayına görə liderə çevrilmiş Azərbaycan siyasi məhbuslarının təsviri olan köynəklər çoxluq təşkil edirdi. Xüsusən, köynəklərdə hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçisi Leyla Yunus, siyasətçi İlqar Məmmədov və başqalarının şəkilləri əks olunmuşdu.
 
“Biz bu həmrəylik yürüşü ilə beynəlxalq ictimaiyyətin və hökumətlərin diqqətini siyasi məhbuslar probleminə çəkməyə və nəhayət, onların azad edilməsinə nail olmağa çalışdıq”, deyən İnsan Hüquqları Evləri Şəbəkəsinin rəhbəri Mariya Daxle qeyd edib ki, bu cür aksiyalar bundan sonra da müxtəlif formatlarda davam etdiriləcək.
 
Yürüş iştirakçıları XİN binasının qarşısına gəliblər və öz müraciətlərini Norveçin xarici siyasət idarəsinin nümayəndəsinə təqdim ediblər  contact.az . /

Google+ WhatsApp ok.ru