İnternat evlərinin ləğv edilməsi nəyə hesablanıb?

Xəbər verildiyi kimi, Təhsil Nazirliyi sistemində olan dövlət uşaq müəssisələrindəki uşaqların vəziyyəti, yaradılmış imkanlar, onların ailələrə qaytarılması və ya verilməsi istiqamətində atılan addımlarla bağlı qurumun De-institutlaşma və Uşaqların Müdafiəsi Idarəsi məlumat verib.
 
Məlumatda bildirilir ki, dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. 2015-2016-cı tədris ilində daha 16 internat məktəbinin transformasiya olunmasıyla bağlı müvafiq tədbirlər görülür. Vurğulanır ki, Dövlət Proqramı çərçivəsində 6 nəfər sosial işçi tərəfindən Xəzər və Suraxanı rayonlarında yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün müəssisələrdəki uşaqların və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. Uşaqların ailələrinin himayəsinə qaytarılması üçün onların ailələri və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında qeyd olunan məsələyə baxılıb. Uşaqların ailələrə qaytarılması üçün ailələrin mənzil şəraitinə baxış keçirilib və ailənin gəliri araşdırılıb.
 
Məsələ barədə “Azadlıq”ın sualını cavablandıran Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov illər əvvələ təsadüf edən sözügedən proqramın 2015-ci ilədək sona çatdırılmasının nəzərdə tutulduğunu söyləyir. Liqa sədri proqrama görə uşaqların ailələrə verilməsinin tələb edildiyini, fəqət onun kağız üzərində qaldığını deyir:
 
“Proqram həyata keçirilmədi, əksinə, vəziyyət daha da çətinləşdi. Bu proqram ölkəmizdə reallaşa bilməyəcək. Proqramın mahiyyəti ondan ibarətdir ki, uşaqlar ailələrə elə-belə verilmir. Sosial vəziyyəti ağır olan ailələr paltarını, geyimini təmin edə bilmədiyinə görə uşağını internata qoyurlar. Dövlət isə uşağın bütün təminatını ödəməlidir. Ona görə də həmin vəsaiti sosial vəziyyəti ağır olan ailələrə verməklə öz uşaqlarına baxmağı tətbiq etmək istəyirlər. Yəni proqram müsbətdir və belə proqramlar xaricdə də həyata keçirilir. Xaricdə bu proqram ailələrin sosial vəziyyəti yaxşı olana qədər işləyir. Dövlət sosial vəziyyəti ağır olan ailələrə vəsait ödəyir ki, öz uşaqlarına baxa bilsinlər. Indiki iqtisadi böhran vəziyyətində isə bizdə dövlətin internatlara xərclədiyi pulu valideynlərə verəcəyi sual altındadır. Dövlət bu pulu ailələrə verməyəcək. Yəni internatı ləğv etmək o deməkdir ki, gəl uşağını apar saxla. Bu da internatı ləğv etmək demək olacaq”.
 
Y.Vəkirov söyləyir ki, məsələnin belə həlli heç də müsbət nəticə vəd etmir. Liqa sədrinə görə, internatların ləğvi nəticəsində itirən yenə də uşaqlar olacaq. Liqa sədri bu addımın narkomaniyaya, savadsızlıq və küçə uşaqlarının sayının artmasına təkan verəcəyini, belə mənfi halların yüksək səviyyəyə qalxacağını deyir. azadliq.info /

Google+ WhatsApp ok.ru