İnternetin sürəti niyə zəifdi?

İnternetin sürəti niyə zəifdi?

 Ölkədə mobil genişzolaqlı internet və 4 G-nin əhatə radiusu ilə bağlı problemlər var
 
Azərbaycanda internetin sürəti cəmiyyəti qane etmir. Bu arada yayılan məlumatda da bildirilir ki, Azərbaycan bu mənada hətta Ermənistandan da geridədir. Yaxın qonşumuz Gürcüstan mövcud siyahıda 70-ci, düşmən Ermənistan isə 92-cı yerdə qərarlaşıb. Ən sürətli genişzolaqlı internet olan Sinqapur, İsveç və Tayvanın adı olan siyahıda, ümumilikdə 189 ölkə üzrə aparılan tədqiqat nəticəsində bəlli olub ki, Azərbaycan 102-ci yerdədir.
 
Ekspert Osman Gündüz deyir ki, son illər Azərbaycanda internetin radiusu, onun əhatə dairəsi, çıxış imkanlarının genişlənməsi, infrastrukturun daha da təkmilləşdirilməsi üçün müəyyən addımlar atılıb. Amma son bir-iki ildə genişzolaqlı internetin inkişafıyla bağlı problemlər yaranıb. İnternet istifadəçilərinin sayı artsa da, buna rəğmən, genişzolaqlı sürətli internetə qoşulmaq imkanları elə də sürətli inkişaf etməyib:
“Beynəlxalq statistikaya görə, əvvəllər Azərbaycanda adambaşına düşən sürət təxminən, 3-5 mqbt saniyə idisə, indi məlum olur ki, hətta 3 və 3-dən aşağıdır. Rabitə və yüksək texnologiyalar nazirliyi ətrafında baş verən hadisələrdən sonra yeni rəhbərlik müəyyən monitorinqlərə başladı. Xüsusən də, genişzolaqlı internet üçün lazım olan kabel-kanal sisteminin vəziyyətiylə bağlı yoxlamalar oldu. Genişzolaqlı, fiberoptik internet üçün yeraltı rabitə kanalizasiyası infrastrukturu vacibdir. Bu da ancaq dövlətə məxsusdur. Yəni o, “Baktelefonrabitə” İB MMC və “Aztelekom” MMC-yə məxsusdur. Genişzolaqlı internet üçün də kabel-kanal infrastrukturu çox vacibdir. Məlum hadisələrdən sonra yoxlamalar və s. bağlı açıqlamalar verildi ki, yekun olaraq kabel-kanal infrastrukturundan yeni istifadə qaydaları, yeni tariflər və s. müəyyən olunacaq. Yoxlama və monitorinq prosesi anlaşılan olsa da, əslində, çox davam etdi. Bu da genişzolaqlı internetin inkişafına, statistikasına təsir etdi. Hüquqi və fiziki şəxslərin genişzolaqlı internetə ciddi ehtiyacları vardı. Sözügedən iki qurum mövcud tələblərin öhdəsindən gələ bilməzdi.Tələb çoxdur. Özəl sektor bunu edə bilmir, iki dövlət provayderi də bunun öhdəsindən gələ bilmir. Nəticədə ölkədə sözügedən vəziyyət yaranıb. Düşünürəm ki, nazirlik bu cür hesabat və bəyanatlardan dərhal nəticə çıxarmalıdır. Bu, heç də xoşagələn deyil və ölkənin potensialına, real inkişaf səviyyəsinə uyğun deyil. Azərbaycanın inkişaf səviyyəsinin göstəricisi barədə rəqəmlər və adambaşına düşən internetin sürəti ziddiyyət yaradır”.
 
Ekspert deyir ki, mobil genişzolaqlı internetin inkişafı və 4 G-nin əhatə radiusu ilə bağlı problemlər də var. Ölkdə 4 G-nin əhatə radiusu kifayət qədər məhduddur. Regionlarda isə o, ümumiyyətlə, yoxdur:
“Amma qonşu ölkələrdə onun əhatə radiusunu onlaynda izləmək olar. Onlarda bizdən qat-qat irəlidədir. Bizdə həm mobil genişzolaqlı internet, həm də fiboroptik internetin inkişafıyla bağlı nazirlik dərhal həyəcan siqnalı çalmalı, kabel-kanal sistemindən istifadə barədə yeni qaydaları elan etməlidir. Ardınca da yeni tariflər bəyan edilməlidir. Sabiq və hazırkı rəhbərlik dövründə fiberoptikdən istifadəylə bağlı analoqu olmayan tariflər var. Bu məsələlərə yenidən baxılmalı və Tarif Şurasına müraciət edilməlidir. Regionlarda fəaliyyət göstərən özəl provayderlər üçün də geniş imkanlar yaradılmalıdır”. (azadliq.info) /

Google+ WhatsApp ok.ru