Ünvanlı sosial yardımın ləğvindən danışılır

Ünvanlı sosial yardımın ləğvindən danışılır

"Ünvanlı sosial yardım passiv elementdir. Heç nə etmədən dövlətdən təminat alırsan, amma öz fəaliyyətin olmur".
 
BizimYol.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib. Nazir müavininin sözlərinə görə, özünəməşğulluq daha aktiv bir fəaliyyətdir: "Dövlət tərəfindən insanlara, ailələrə maliyyə yardımı verilir ki, onlar öz bizneslərini təşkil etsinlər. Bu daha effektiv vasitədir. Bu illər ərzində ünvanlı sosial yardımın həyata keçirilməsi praktikası onu göstərdi ki, insanlarımız bu yardımı alarkən aktiv həyatdan çəkinirlər, tənbəlləşirlər".
 
İ.Rəhimov əlavə edib ki, bölgələrdə ünvanlı sosial yardım alan insanlar təsərrüfat işləri ilə də məşğul olmurlar.
 
"Ünvanlı sosial yardım alanlar arasında aparılan təhlillər onu göstərir ki, xüsusən kəndlərdə onların 70-75%-nin öz torpaqları var. Bu torpaqlardan nə özləri istifadə edirlər, nə kiməsə icarəyə verirlər. Aktiv əhali daha çox özünəməşğulluq istiqamətlərinə cəlb olunmalıdır və o istiqamətdə inkişaf etməlidir. Təbii ki, ünvanlı sosial yardım alan əhali arasında elə ailələr var ki, onlardan asılı olmayan səbəblərdən aktiv fəaliyyətlə məşğul ola bilməzlər, ya ciddi əlilliyi var, ya elə bir böyük ailədir ki, onlarda körpə uşaqlar çoxdur, ya yaşlı insanlar çoxdur, hansı ki, onlara mütləq xidmət olunmalıdır. Elə əhali qrupları olacaq, dövlət onlara öz yardımlarını göstərməyə davam edəcək", - deyə nazir müavini qeyd edib.
Bir neçə ay öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək bildirmişdi ki, ünvanlı sosial yardımla bağlı yeni yanaşma tətbiq oluna bilər. Onun sözlərinə görə, məqsəd ələbaxımlılığın qarşısını almaqdır: "Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik".
 
 
Hadı Rəcəbli qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmaq istəyir: "Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür".
 
 
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirib ki, əslində ünvanlı sosial yardım yox, havayı neft pulları ölkədə tənbəllik yaratmışdı: "O cümlədən hökumət üzvlərində. İndi pulların azalması, hökuməti bəzi xərcləri kəsməyə vadar edir. Ancaq asan azaldıla biləcək xərclərdən yapışırlar. Ünvanlı sosial yardım sosial müdafiəsi zəif olan insanlara dövlətin yardım etməsi prinsipi bütün ölkələrdə var. Fərqli modellər və yanaşmalar mövcuddur. Dövlət yardıma ehtiyacı olan vətəndaşa hər hansı bir formada kömək etməlidir. Birdəfəlik yardım kimi faizsiz kreditlərin və ya uzunmüddətli kreditlərin verilməsi, yaxud yardım şəklində vəsaitin verilməsindən söhbət gedərsə, Azərbaycan reallığında bu da çox xoşagəlməz halların artmasına gətirib çıxaracaq.  Bilirsiniz, insanlardan tələb etmək olmaz ki, kimin sosial yardıma ehtiyacı var mütləq ki, hər hansı bir iş qurmalı və ya bir işlə məşğul olmalıdır. İş qurmaq, işlə məşğul olmaq insan biliyindən, bacarığından, təcrübəsindən asılı olan məsələlərdir. Hər bir insanda bunu tapmaq və ya bunu tələb etmək düzgün deyil".
 
N.Cəfərli deyir ki, bəzi insanlar var ki, bizneslə məşğul olmağa ya həvəsləri, ya imkanları, ya da bacarıqları yoxdur: "Ona görə də bütün sosial müdafiəyə ehtiyacı olan insanlardan bunu tələb eləmək, ya da belə şərt qoymaq məncə yanlış yanaşmadır. Dövlətin əsas funksiyalarından və borclarından biri də ondan ibarətdir ki, sosial müdafiəsi zəif olan və ya ehtiyacları çox olan insanlara yardımların hər hansı formada təşkil edilməsini təmin etsin. Bunun müxtəlif formaları var. Bəzi ölkələrdə bu pulsuz tibbi yardım formasında həyata keçirilir. Sosial kartlar "yaşıl kart" adı altında paylanılır. Bəzi ölkələrdə biznes çevrələri belə layihələrə cəlb olunur ki, sosial müdafiəsi zəif olan insanlara biznes çevrələri yardım edir. Onun da əvəzinə vergi güzəştləri qazanır. Təki hökumət üzvlərinin fikri məhz həmin insanlara kömək etmək olsun. Əgər ünvanlı sosial yardımın büdcə yükünü azaltmaq üçün tamamilə ləğv edib, sonradan başqa formalara keçid əldə etmək istəyirlərsə, o zaman yardıma ehtiyacı olan insanlara çox böyük haqsızlıq olacaq".
 

Google+ WhatsApp ok.ru