Nyu York Times prezident İlham Əliyevin iki üzlü siyasətindən yazır

Yanvarın 12-də "New York Times" qəzetində "Azərbaycan prezidenti İlham Əliyevin iki üzü" başlıqlı redaksiya məqaləsi dərc olunub.

Yazıda Prezident İlham Əliyevin ustalıqla doktor Cekil (Jekyll) və Hayd (Hyde) obrazlarını oynadığı qeyd olunur (Robert Luis Stevenson-un "Doktor Cekil və cənab Hayd" povestinin, öz üzərində eksperiment aparmaq üçün dərman içərək tam əks, mənfi xarakterə çevrilən qəhrəmanı - red.).


Məqalədə oxuyuruq:

"Amerika səfirinin Bakıdan göndərdiyi, WikiLeaks-də yayılan teleqramda Əliyev Michael Corleone-Sonny Corleone kimi təsvir olunur. O, "Xaç atası" mafiya ailəsində soyuqqanlı, hər şeyi ölçüb biçən, eyni zamanda zorakı qardaşlardan böyüyüdür. Cənab Əliyev Qərbin sevdiyi bir çox məsələlərdə "qərbyönlü"dür: O, nəzakətlidir, geyiminə fikir verir, ingiliscə yaxşı danışır; ölkəsinin zəngin neft və qazını Avropa və İsrailə göndərməyə hazırdır; ölkədəki İslam mötədil və müasirdir; dəbdəbəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi keçirib, iyunda Avropa Oyunları olacaq.

Amma o həm də böyük korrupsionerdir və avtoritar rejimi dünyada inan haqlarının ən pis pozulduğu ölkələr sırasındadır.

Müstəqil media və qeyri-hökumət təşkilatlarına təzyiqlər davam edir. Polis ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, kompüter və sənədləri götürərək ofisi möhürləyib. AzadlıqRadiosunun onlarla əməkdaşı saxlanaraq dindirilib".

"New York Times" tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cənab Əliyevin ailə biznesini aşkarladığı üçün həbsə atıldığını yazır. Məqalədə insan haqları müdafiəçiləri Leyla Yunus və Arif Yunusun da həbs olunduğu vurğulanır:

"Əlbəttə, cənab Əliyev fəndgir siyasəti və zəngin təbii sərvətlərə nəzarətilə Amerika və Avropa siyasətçilərini qarşısına alan tək diktator deyil. WikiLeaks bu qarşıdurmanı "ABŞ maraqları ilə ABŞ dəyərləri arasında seçim" adlandırır. Atası Heydər Əliyev 1969-cu ildən 2003-cü ilədək Azərbaycanı dəmir əllə idarə edib. Oğlu isə Azərbaycanın neft sərvətinə söykənərək 3 sual doğuran seçkidən keçərək atasının şəxsiyyətə pərəstiş erasını möhkəmləndirib."

Ancaq cənab Əliyev bir tərəfdən Qərblə dostluq etməyə çalışsa da, xaricdən maliyyələşən təşkilatların, o cümlədən də AzadlıqRadiosunun onun əleyhinə işlədiyinə inanır. Avtoritar tərəfdaşı Vladimir Putin kimi o da, Ukrayna prezidenti Viktor Yanukovych-in devrilməsindən tutmuş ərəb inqilablarınadək hər yerdə düşmən Amerikanın əlini görür. Və o, istənilən müxalifəti tumurcuq ikən boğmağı qarşısına məqsəd qoyub. Dekabrın 4-də cənab Əliyevin sağ əli Ramiz Mehdiyev 60 səhifəlik manifestində inqilab hazırlayan qeyri-hökumət təşkilatlarının "beşinci kolonu"ndan şikayətlənib, xanım İsmayılovanın "xarici casuslar"dan informasiya aldığını iddia edib.

Qərb anlamalıdır ki, avtoritar Əliyev əsl Əliyevdir. O, opponentlərini və digər azadlıq nişanələrini əzmə kampaniyasını sürətləndirdiyi bir vaxtda, Birləşmiş Ştatlar və Avropa indikindən daha aydın dildə danışmalıdır. Deməlidir ki, onunla iş görə bilərlər, ancaq onun özü və ölkəsinə vurduğu ziyan məsələlərində aldana bilməzlər".azadliq.org /

Google+ WhatsApp ok.ru