Orta təbəqə niyə azalır?

Orta təbəqə niyə azalır?

"Exo" qəzetində "Azərbaycanda orta təbəqəni kimlər təmsil edir?" sərlövhəli məqalə oxumaq olar.
 
Mövzu ekspert Nəriman Ağayevlə dəyərləndirilir: "Azərbaycanda bütün əhalinin ancaq 12 faizini orta təbəqəyə aid etmək olar. Yeri gəlmişkən, bu kateqoriyadan olan vətəndaşların inkişaf dinamikası olduqca yavaş artımla gedir. Ölkədə orta təbəqənin ən yüksək həddi 2015-ci ilin birinci devalvasiyası ərəfəsinə təsadüf edir. O zaman bu rəqəm 20 faizə bərabər idi. Təkcə bir il ərzində bu təbəqənin təmsilçiləri 3 faiz azalıb", - deyə ekspert qeyd edir.
 
Ekspert hesab edir ki, Azərbaycanda orta təbəqəni təmsil edən 4-nəfərlik ailənin mənzili, daşınmaz əmlakı, nəqliyyat vasitəsi, qarantiyalı işi və ayda 1000 manatdan yuxarı gəliri olmalıdır.
 
N.Ağayev deyib ki, orta təbəqəyə, adətən, özəl biznesi olan və onu uğurla reallaşdıran şəxslər aid edilirlər: "Yüksək təbəqəyə bütün əhalinin ancaq 10 faizini aid etmək olar. Qalan 78 faiz isə aşağı təbəqədir. Onların gəlirləri ölkə üzrə orta aylıq maaşdan aşağıdır".
 
Ekspert qeyd edir ki, ölkədə orta təbəqənin təmsilçiləri artdıqca, dövlət daha çox inkişaf edir. Üstəlik, orta təbəqənin inkişaf etdiyi ölkələrdə iqtisadi dayanıqlıq təmin olunur: "Hökumətin planlaşdırdığı iqtisadi inkişaf islahatları gerçəkləşdiyi halda, orta təbəqə təmsilçilərinin artımını gözləmək olar".
 
N.Ağayevə görə, Azərbaycanda orta təbəqənin zəifləməsinin səbəbləri çoxdur. Ekspertin düşüncələrinə görə, ölkədə iki devalvasiya, manatın dəyərdən düşməsi, bahalaşma, iş yerlərinin bağlanması orta təbəqəyə ciddi zərbə vurub. /

Google+ WhatsApp ok.ru