Pənah Hüseyn Məzahir Pənahovu təkzib etdi

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin ümumi gedişindən və seçicilərin fəallığından razıdır.
 
Bu barədə MSK sədri jurnalistlərə bildirib.
 
O, 63 saylı dairədə Xalq Partiyasının sədri, namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsinin seçicilərdən 2 bülleteni götürüb qaçdığını deyib. Komissiya sədri müəyyən dairədə namizədlərdən birinin xanımı təhqir etdiyini desə də, fikirlərini konkretləşdirməyib.
 
MSK sədri hələ rəsmi şikayətin daxil olmadığını söyləyib.
 
M.Pənahovun fikirlərini Meydan tv-yə şərh edən namizəd Pənah Hüseyn bildirib ki, 13 saylı məntəqədə səhərdən “karusel” əməliyyatına başlanmışdı və hər gətirilən seçiciyə 3 bülleten verilirdi: “Bir nəfərə 3 bülleten veriləndə mənim səlahiyyətli nümayəndəm bu pozuntunu görüb etiraz etmişdi. Bu hadisənin video-çəkilişi var, 63 saylı dairənin sədri də çəkilişdən xəbərdardır. İndi xahiş edir ki, məntəqə sədri xanım olduğundan çəkilişi yaymayaq. Amma bu mümkünsüzdür”.
 
P.Hüseyn əlavə etdi ki, yerli hakimiyyət başqa bir özbaşınalığa əl atıb: “Nuru Şıxəliyev adlı tanınmış narkotik istifadəçisi var, həbsdə olub. Təsəvvür edin ki, onu Bakıdan gətirib bizim nümayəndələrimizə hücum təşkil ediblər. Nuru Şıxəliyev mənə də hücum edib ölümlə təhdid etdi, bu barədə yerli polis idarəsinə müraciət etmişəm”. /

Google+ WhatsApp ok.ru