Payız gəlməmiş yonca bağlaması bahalaşıb

Payız gəlməmiş yonca bağlaması bahalaşıb

"Yeni Müsavat" qəzetində "Azərbaycanda ətin qiyməti niyə bahalaşır?" sualına cavab axtarılır.
 
Yazıda bildirilir ki, ölkədə ət idxalı kəskin artıb. Nəticədə ət və ət məhsullarının qiyməti bahalaşmaqda davam edir.
 
Müəllif Dövlət Gömrük Komitəsinin açıqlamalarına istinadən qeyd edir ki, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə çəkidə 67 faiz, dəyərdə isə iki dəfədən çox artıb:
"Əgər ötən ilin yanvar-avqustunda xaricdən 16.9 min ton ət gətirib buna 20.4 milyon dollar xərcləmişdiksə, bu il 28.2 min ton ət alıb, 43 milyon dollara yaxın vəsait sərf etmişik".
 
Müəllifə görə, qiymət bahalaşmasının ən əsas səbəbi heyvanların qidalanmasında əsas yer tutan ot və ot bağlamalarının bahalaşmasıdır.
 
Yazıda vurğulanır ki, bir tərəfdən il quraq keçib, başqa tərəfdən də biçənək sahələrinin böyük bir hissəsindən əkin məqsədilə istifadə edilir. Yazıda baş verənlərin məsuliyyəti yerli məmurların üzərinə qoyulur:
"Heyvandarlıqla məşğul olan fermerlərin etirazları hələlik heç bir fayda vermir".
 
Yazıda bildirilir ki, hələ payız gəlməmiş yonca bağlamasının biri artıq 4-5 manat arasında dəyişir. Müəllif güman edir ki, bu, ətin, südün, yunun, yağın və pendirin bahalaşmasına səbəb olacaq. /

Google+ WhatsApp ok.ru