Pilləkən və meydança bir gecədə «yoxa çıxıb»

«Bakının mərkəzində, yaşadığımız 63-mənzilli binanın qarşısında - Bünyad Sərdarov küçəsində bina tikilir. Bir gün səhər oyandıq ki, pilləkən, meydança yerində yoxdur».
 
Bakının mərkəzində – Şeyx Şamil küçəsi, 16-da yaşayanlar iki aydır ki, məhəllədən gecəylə «yoxa çıxmış» pilləkənin və meydançanın davasını aparırlar. Bina sakini Əjdər Rüstəmov deyir, pilləkən və meydança həmin tikintinin güdazına gedib. Sakinlərə bildirilib ki, tikinti layihəsinin bir hissəsi binanın ərazisinə düşdüyündən, pilləkənlər və meydança sökülüb. Sakinlərsə iki aydır bu vəziyyətlə barışmırlar: 
 
«BAŞIMIZI QALDIRA BİLMİRİK»
 
«Deyirlər, pilləkən və meydançası kompleksin layihəsinə düşüb. Anlaşılmayan odur ki, o binada yaşayacaq insanların bizim binanın sakinlərindən üstünlüyü nədədir? Niyə bizim pilləkəni, meydançanı söküb, başqa binanın sakinlərinin rahatlığı üçün o əraziyə qatmalıdırlar?».
 
Səbail rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, tikinti qanunidir və Bakı şəhər İcra Hakimiyyətində təsdiqlənmiş layihəsi var.
 
Sakinlərsə deyirlər, tikinti işlərinin aparılması onların həyatına təhlükə yaradıb. Bina sakini Nəcibə Şükürova: «Araşdırılsın görək, bu layihəni təsdiqləyən adam gəlib buradakı vəziyyətlə tanış olmuşdumu? Yük maşınları həyətimizə girir, qaldırıcı kran yükləri həyətdən götürür. Binadan boylana bilmirik ki, başımıza yük düşər, qaldırıcı kranın altında qalarıq və sair».
 
İCTİMAİ VƏ FƏRDİ MARAQLAR
 
Hüquqşünas Vaqif Alıyev deyir, Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə, icra orqanı qonşuluqda yaşayanların mənafelərinə təsir edən tikinti obyektləri barədə əsaslandırılmış məlumat verməlidir: «Həmin Məcəllənin 17-ci maddəsinə görə, ərazi planlaşdırılması sənədləri hazırlanarkən ictimai və fərdi maraqlar ədalətli şəkildə uzlaşdırılmalıdır».
 
Sakinlər Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə hazırlaşırlar. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru