Pinəçi: 'Yəqin, yuxarıdakılar işimizin çoxaldığını eşidiblər'

Pinəçi: 'Yəqin, yuxarıdakılar işimizin çoxaldığını eşidiblər'

Bundan iki gün öncə – dekabrın 14-də isə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında pinəçilərin, aşıqların, məzhəkəçilərin və s. xidmət növləri ilə məşğul şəxslərin vergiyə cəlbindən danışıb.
 
Nazir deyib ki, toy və şənliklərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri ilə məşğul olanların ayda sabit şəkildə 30 manat, fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərənlərin 30 manat, məişət cihazları təmirçilərinin 10 manat, fərdi evlərdə işləyən ev qulluqçularının, dayələrin, bağbanların, aşbazların, gözətçilərin, təmizləyicilərin 10 manat, nəqqaşların 20 manat vergi ödəməsi nəzərdə tutulur.
 
"5 manatımızla hökumətin əyər-əskiyi düzələcəksə..."
 
Müstəqil ekspertlər dövlətin bu səylərinin xırda sahibkarlığın sıradan çıxarılmasına gətirib çıxaracağı barədə xəbərdarlıq ediblər. İqtisadçı ekspert Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, Vergilər nazirinin bu çıxışı ölkə iqtisadiyyatının ağır durumundan xəbər verir:
 
"Vergilər Nazirliyi büdcə gəlirlərini formalaşdırma üçün cürbəcür üsullar axtarıb tapır. Hətta cırıq ayaqqabıya yamaq vuran pinəçilərin də vergiyə cəlb olunmasını nəzərdə tutur. Bu, dövlət büdcəsində yaşanan çox böyük gərginliklərdən xəbər verir".
 
Pinəçi Ədalət Mirzəyev isə AzadlıqRadiosuna yarızarafat, yarıgerçək deyib ki, görünür, pinəçilərin qazanclarının artmasıyla bağlı kimlərinsə qulağına səs deyib.
 
"Yəqin, yuxarıdakılar indiki dövrdə camaatın daha çox köhnə ayaqqabılarını yamatdırıb geyindiyi, buna görə pinəçilərin işinin çoxaldığını eşidiblər. Əgər 5 manatımızla hökumətin əyər-əskiyi düzələcəksə, neynək, verərik", – deyə yaşlı pinəçi söyləyib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru