Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı

Dekabrın 14-də Qax şəhər sakini, 1-ci qrup Qarabağ əlili Bəxtiyar Bayramov polisə etiraz olaraq şəxsi maşınını yandırıb. Bu barədə Meydan TV-yə məlumat verən Qarabağ əlilinin sözlərinə görə, ona polis tərəfindən yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilsə də, Yol Patrul Xidmətinin rəisi Ayaz adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) cərimənin ləvğ edilməyəcəyini və məhkəməmin qərarını heçə saydığını söyləyib. Nəticədə bir neçə ay get-gələ salınan vətəndaşın cəriməsi 400 manatdan 600 manata yüksəlib.

Bəxtiyar Bayramov deyir ki, “VAZ-2109” markalı, “16BA253” nömrə nişanlı maşından taksi kimi istifadə edirmiş.

 

Hadisə yerinə gələn yerli jurnalist Elvin Hüseynli də çəkiliş apardığı üçün rəisin təzyiqinə məruz qalıb. Jurnalistin Meydan TV-yə verdiyi məlumata görə, bir dəfə də YPX rəisinin vətəndaşla mübahisəsini görüntülədiyi üçün cəzalandırılıb:

“Qaxda olanda yoldan tutub apardılar məni. Dedilər ki, çəkdiyin görüntülər yayımlanmayacaq. Oradan da birbaşa məhkəməyə çıxarıb 15 sutka verdilər. İndi də polislər məni gəzir. Zəng edib təklikdə görüşmək istədiklərini deyirlər. Səbəb də yenə hadisə yerindən çəkiliş aparmağımdır”.

Hadisə yerinə toplaşan Qax sakinləri deyirlər ki, sözügedən YPX rəisi sürücülərin canını boğazına yığıb:
 
“Bu yeni rəis taksi sürücülərinə siqaret, “Redbull” aldırır. Əks halda həmin sürücününü işləməsinə imkan vermir”. 
Meydan TV-yə onu da bildiriblər ki, rayondan olan Qarabağ qaziləri hadisəyə etiraz olaraq aksiya keçirməyi planlaşdırırlar.
 
 
Meydan TV Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Kamran Əliyev məsələni araşdıracaqlarını bildirib:
 
“Adətən bizə bu cür müraciətlər çox olur. Biz birinci araşdıraq görək həqiqətənmi vətəndaş haqsız yerə cərimələnib, məhkəmənin qərarı varmı və s. Etiraz olaraq avtomobilin yandırmasına bundan sonra fikir bildirmək olar. Mən indi baxıram, vətəndaş həmin avtomobili etibarnamə əsasında istifadə edir. Ancaq şəxsi məlumatları sizinlə bölüşə bilmərik. Bunun üçün şəxsin razılığı olmalıdır. Yalnız rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik”.
 
Qax rayon Polis İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.(meydantv)
 
 

 

Google+ WhatsApp ok.ru