Polis Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

Bankın ofisində axtarışı Rusiya DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İstintaq İdarəsi iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşları aparır.
 
Virtualaz.org saytı fontanka.ru portalına istinadən xəbər verir ki, onlar ofisə Bakı vaxtı ilə saat 12 radələrində daxil olublar. Ofis Marat küçəs, 63 ünvanında yerləşir.
 
Hazırda bankın Peterburq filialının telefonları zənglərə cavab vermir, “bank-müştəri” qaynar xətti isə bağlanıb.
 
Beynəlxalq Bankın Moskva filialından isə bildiriblər ki, hazırda bankın Peterburqda, Marat küçəsində yerləşən ofisində maliyyə əməliyyatları aparmaq, o cümlədən pul köçürmələri həyata keçirmək mümkün deyil.
 
Bankdan telefon zənginə cavab verən əməkdaş bunu “rabitə problemi” ilə izah edib və bildirib ki, problem iki-üç günə aradan qaldırılacaq.
 
Azərbaycan Beynəlxalq Bankı onsuz da hazırda ağır böhran içindədir. Bankın keçmiş rəhbərliyinin sağa-sola səpələdiyi milyardlarla dollar kredit geri qayıtmayıb. Bu işlə bağlı bir sıra kredit oliqarxları və bankın keçmiş rəhbəri Cahangir Hacıyev həbs olunub.
 
Beynəlxalq Bankın Moskvadakı törəmə bankında da vəziyyət yaxşı deyil. Bankın göstəriciləri qaytarılmayan kreditlərə görə kəskin aşağı düşüb. Bu günlərdə bankın rəhbərliyi dəyişdirilib./

Google+ WhatsApp ok.ru