Polis rəisləri Bakıya toplaşıb

Azərbaycanda Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransı başlayıb. Bu barədə Maide.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, 25 ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransın açılışında Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak ediblər.
 
R.Usubov paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunan tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 
O, konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, Azərbaycandakı kriminogen durum barədə ətraflı məlumat verib.
 
Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.
 
Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.
 
Tədbir çərçivəsində qonaqlar paytaxtın görməli yerləri, Azərbaycan xalqının qədim və zəngin adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
 
Konfransın sonuncu günü iştirakçılar DİN-in "102", "Təhlükəsiz Şəhər" xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin Bakı Şəhər BPİ-yə baş çəkəcəklər.

Google+ WhatsApp ok.ru