Problemli kreditlərin həcmi gizlədilir

Problemli kreditlərin həcmi gizlədilir

"Exo" qəzetində "Azərbaycanda problemli kreditlər antirekord səviyyəyə çatıb" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda ölkədə problemli kreditlər mövzusu ekspertlərlə müzakirə edilir.
"Azərbaycanın maliyyə orqanları problemli kreditlərin real həcmini gizlədir. Bizim apardığımız təhlillər belə deməyə əsas verir ki, onun payı bütün ölkə üzrə ümumi portfelin 20 faizinə yaxındır. Elə banklar var ki, kredit portfelinin yarısı problemlidir, bu isə kirtik göstəricidir. Problemli kreditlər artıq antirekord səviyyəyə çatıb", - deyə iqtisadçı-ekspertlərdən Samir Əliyev bildirib.
 
Ekspert deyib ki, birinci devalvasiyadan sonra Azərbaycanın 13 bankının bazarı tərk etməsində bu problemin də böyük təsiri olub:
"Vaxtıkeçmiş kreditlərin əksəriyyəti xarici valyuta ilə verilmişdi. Rəsmi rəqəmlərə görə, hazırda problemli kreditlərin həcmi ümumi portfeldə 11.8 faiz təşkil edir. Bu isə o deməkdir ki, hər 100 manatlıq əsginasın 11 manatından bir az çoxu qayıtmır və ya bu 11 manat problemli kreditdir. Amma real rəqəm rəsmi informasiyadan əhəmiyyətli dərəcədə fərqlənir".
 
Ekspert xatırladıb ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanda problemli kreditlərin həcminin 20 faizə çatmasını bəyan edib.
 
İqtisadçının fikrincə, hökumət hələ devalvasiyadan öncə bu problemi çözməli idi. Ancaq problemi çözmək əvəzinə gözləmə mövqeyi tutulub:
"İndi bankları necə xilas etməyin özünü düşünmək olmur. Bu azmış kimi, ən iri bank olan Beynəlxalq Bankın nümunəsində hökumətə başağrısı da yaranıb. İndi hamı da bilir ki, bu sektor olmadan iqtisadiyyat inkişaf edə bilməz" /.

Google+ WhatsApp ok.ru