Qəzəblənmək niyə bəzən yaxşıdır? 5 suala cavabda

Qəzəblənmək niyə bəzən yaxşıdır? 5 suala cavabda

Planetimizin əksər yerlərində əhali sülh, bolluq və əmin-amanlıq şəraitində yaşayır.
 
BMT, Ümumdünya Ticarət Təşkilatının və müxtəlif ölkələrin hökumət məlumatlarına əsasən, dünyada yoxsulluq azalır, ömür uzunluğu isə artır.
 
İnkişaf etmiş ölkələrdə sakinlərin əksəriyyəti tarixdə ən təhlükəsiz və ən rifahlı şəraitdə yaşayırlar.
 
Bəs görəsən, Yer üzündə niyə bu qədər insan qəzəblə dolaşır?
 
Yollarda aqressiv rəftar, sosial mediada acılayıcı şərhlər... hətta siyasətçilər də bəzən dava edirlər.
 
Xoşbəxtliyə nail olmağın yolları barədə yazan britaniyalı jurnalist Oliver Burkeman qəzəb hissini öyrənmək qərarına gəlib.
 
Biz niyə qəzəblənirik? Qəzəb nədən başlayır? Və ən əsası, qəzəblənmək pis bir şeydirmi?
 
1. Bizdə qəzəb hissi niyə yaranıb?
 
İnsanlar bir-birinə niyə qəzəblənirlər? Bəs əcdadlarımızı bir-birim qəzəblənməyə vadar edən nə idi?
 
"Qəzəb çox mürəkkəb sistemdir", - ABŞ-ın Ohio ştatının Heidelberg Universitetinin Psixologiya və Kriminologiya professoru Aaron Sell deyir.
 
"Qısa deyilsə, bu, zehni idarə edən alətdir. Bu, qarşı tərəfi sizə daha çox hörmət göstərməyə sövq etmək üsuludur. Bu, qarşı tərəfin düşüncələrini dəyişməklə münaqişəli vəziyyətdən qalib çıxmaq yoludur".
 
Professor Sell qeyd edir ki, insan qəzəblənəndə onun sifətinin ifadəsi də müvafiq olaraq qəzəbli görünüş alır.
 
Professor hesab edir ki, "qəzəbli sifət" ifadəsini insanlar öyrənmir, bu, onlara nəsildən nəsilə keçir.
 
Necə olub ki, qəzəb qəzəb qədim insanlarda, biri digəri üzərində üstünlük hiss etməyə yardım edib?
 
2. Qədimdə qəzəblilər necə olub?
 
Elə düşünə bilərsiniz ki, qədimdə qəzəbli olmayan insanlar qəzəblilərə nisbətən daha çox yaşayıb. Amma belə olmayıb.
 
Professor Sell deyir ki, "qədim zamanlarda qəzəbli insanların nəsli qəzəbsiz insanların nəsliylə müqayisədə daha sürətlə artıb və geniş yayılıb".
 
Buna onlar özlərinə qarşı daha yaxşı rəftar tələb etməklə və münaqişəli vəziyyətlərdən qalib çıxmaqla nail olublar.
 
"Keçmişdə qəzəbsiz insanlar daha çox hallarda uduzmuş tərəf olub, daha pis münasibətlə qarşılaşıblar və nəticədə, onların nəsli artmayıb, - professor Sell deyir. - Qəzəbli insanların nəsli isə, əksinə artıb, yəni qəzəb təkamül tarixində onlara üstünlük verib".
 
3. Qəzəblənəndə bədənimizdə nə baş verir?
 
ABŞ-da Wisconsin-Green Bay Universitetində Psixologiya proqramının rəhbəri, professor Ryan Martin deyir ki, insan qəzəblənəndə onun ürəyi daha sürətlə döyünməyə başlayır, nəfəs almağı tezləşir, həzm sistemi isə tormozlanır.
 
Bu yolla insanın fizioloji sistemi insanın ədalətsizlik kimi qəbul etdiyi hala reaksiya göstərməsi üçün onu enerjiylə təmin edir.
 
İnsanın beyin fəaliyyəti isə həmin anlarda "sağqalma" və "qisasalma" kimi hədəflərə daha çox köklənir.
 
4. Müasir həyat bizi niyə qəzəbləndirir?
 
Professor Martin qeyd edir ki, müasir dövrdə "insanlar daha çox məşğuldurlar, onların həyat tələbatları daha artıqdır, nəticədə, hər hansı istiqamətdə geriləmə onlar üçün daha ağrılı olur".
 
Misal üçün, supermarketdə uzun növbələrdə gözləməyə məcbur olanda və ya təmirə ehtiyacı olan məişət cihazının təmirinin gecikdirilməsi bizi dərhal qəzəbləndirə bilər.
 
5. Qəzəbdən necə istifadə etməli?
 
Qüdsdə Hebrew Universitetinin psixologiya professoru Maya Tamir hesab edir ki, emosiyalarımıza nəzarət etmək mümkündür.
 
Onun apardığı tədqiqatlar göstərib ki, qəzəb heç də həmişə aqressiyanın işə düşməsini tələb etmir.
 
"Biz ipdən asılmış marionet kuklalar deyilik, - Maya deyir. - Qəzəbdən doğan aqressivlik insanın nəzarətinin xaricində deyil".
 
Psixoloqlar qeyd edirlər ki, bəzən qəzəb hissi bizim fikirlərimizi müəyyən məqsədə kökləndirə və bizi enerjiylə təmin edə bilər.
 
Filosof və psixoterapevt Mark Vernon hesab edir ki, qəzəb "haqlı qəzəbdirsə", o zaman insan qəzəb enerjisini məhsuldar məqsədə istiqamətləndirə bilər.
 
Misal üçün, həmin enerji "hansısa faydalı bir işə və ya məhkəmə çəkişməsində ədalətli qərarın çıxarılmasına" yönəldilə bilər.
 
Beləliklə, qəzəb hissini birmənalı mənfilik kimi qəbul etməyə dəyməz.
 
Sadəcə, bu hissimizi nəzarət altında saxlamağı və istiqamətləndirməyi bacarmalıyıq ki, sonu görünməyən düşmənçilik və aqressiya girdabı tələsinə düşməyək. /bbc /
 

Google+ WhatsApp ok.ru