'Qar əridi, gölün səviyyəsi bir az da qalxdı'

'Qar əridi, gölün səviyyəsi bir az da qalxdı'

“Qar əridi, gölün suyu bir az da qalxdı, vurdu evlərə. Hətta göldən nisbətən kənardakı evlərin zirzəmiləri, həyətləri də indi su ilə dolur”.
 
Zabrat-Kürdəxanı yolunun üstündəki evlərə təhlükə günbəgün artmaqdadır. Çirkab suların toplaşdığı Zabrat gölünün səviyyəsinin günbəgün qalxması sakinlərin səbr kasasını da daşırıb.
 
EVLƏRİNDƏN KÖÇÜRLƏR
 
Həmin ərazidə yaşayan Mansur Cəfərli deyir, ərazidəki evlərin artması ilə əlaqədar gölə axıntının güclənməsi, qar, yağış – suyun səviyyəsinin artmasına səbəb bunlardır:
 
“Başqa yerdə ev kirayələyib ailəmi də götürüb köçmüşəm. Bir neçə qonşum da bu qərarı verib. Çünki iydən evdə oturmaq mümkün deyil. O gün qar əriyəndən sonra gölün suyu həyətə qədər gəlib çıxıb. Halbuki bundan əvvəl bizdən gölə daha yaxın həyətlərə dolurdu. İndi çirkab sular gəlib bizə qədər çatıb”.
 
 Zabrat-Kürdəxanı yolu ərazisində yaşayan Tağı Tağıyev də eyni sözləri deyir. O, fevralın 6-da yaşadığı evin zirzəmisinin su ilə dolduğunu görəndə təşvişə düşüb:
 
“Zabrat gölü daşdığından ətraf evləri su yuyub aparır. Kömək istəyirik. Evlərimizə, həyatımıza təhlükə gündən günə artmaqdadır. 1 ilə yaxındır gölün səviyyəsi qalxır. Bu gün baxıram ki, bizim də zirzəmiyə su dolub. Bu gün zirzəmiyə dolan su sabah evlərimizə dolacaq, bu, qaçılmazdır. “Azərsu” suyun qarşısını almaq üçün texnika göndərir, ancaq bu, yetərli deyil”.
 
Sakinlər gölün qurudulmasından ötrü tədbirlər görülməsini tələb edirlər.
 
“QƏRAR GÖZLƏNİLİR”
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Qafqazinfo.az saytına bildirib ki, son günlər yağıntılar səbəbindən gölün səviyyəsinin qalxması müşahidə olunur. Səbəb dolan gölün boşalma sahəsinin olmamasıdır:
 
“Göl ətrafında əhali məskunlaşır, yeni tikililər salınır. Mərkəzləşmiş kanalizasiya sisteminin yoxluğu ucbatından sakinlər primitiv üsullardan istifadə edirlər. Həyətlərində şambolar qazırlar, təsərrüfat və məişət suları birbaşa şambolara axıdılır. Bu da qrunt sularının səviyyəsinin qalxmasına səbəb olur. Buna görə də, gölün səviyyəsinin qalxması müşahidə olunur. Hətta Kürdəxanı istiqamətində yolun üstündən də su axdığının şahidi oluruq”.
 
Sabunçu rayon icra hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Azər Süleymanov isə sayta deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişaf layihəsi proqramı çərçivəsində göllərin təmizlənməsi məsələsi də yer alıb:
 
“Zabrat gölü böyük bir göldür. Göl iki rayonun arasındadır. Problemli məsələdir. Gölün səviyyəsi qalxıb. Bununla bağlı məsələ qaldırılıb, həlli istiqamətində qərar gözlənilir”.
 
Bu yaxınlarda AzadlıqRadiosu qeyd olunan ərazidəki durumu göstərən videoreportaj da təqdim edib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru