Qarabağ döyüşçüsü 6 uşağı ilə qəbirstanlıqda VAQONDA yaşayır - VİDEO

Qarabağ döyüşçüsü 6 uşağı ilə qəbirstanlıqda VAQONDA yaşayır - VİDEO

Mahir Rzayev: "Bilmirəm niyə, heç bir məktəb uşaqlarımı qəbul eləmir..."
 
FaktXeber.com-un təqdim etdiyi bu dəhşətli kadrlar Sumqayıt şəhərində çəkilib. Videoda Qarabağ döyüşlərində iştirak edən Mahir Rzayevin 6 uşağı və həyat yoldaşi ilə yaşadığı vaqon göstərilir. Qeyd edək ki, Qarabağ veteranının yaşadığı ərazi qəbiristanlığın altında kanalizasiya sularının axdığı yerdir.
 
Kadrlarda M.Rzayev prezidentə müraciət edərək məmur özbaşınalığından şikayət edib. Onun sözlərinə görə, bu günə qədər heç bir qurumdan dövlət yardımı almayıb: «Mənə ayrılan torpaq sahəsini Sumqayıt şəhər İH-nin rəhbəri Zakir Fərəcov qeyri-qanuni zəbt edərək, hektarlarla ərazini satışa buraxıb».
 
Qarabağ veteranının sözlərinə görə, dəfələrlə prezidentə müraciət məktubu ünvanlasa da heç bir cavab almayıb: «Əlavə olaraq məni polisə verirlər ki, qorxub geri çəkilim. Bütün hüquqlarım tapdalanır».
 
Övladlarını hazırda heç bir məktəbin qəbul etmədiyini deyən M.Rzayev bunun səbəbəini bilmədiyini söyləyib: «Nəyə görə mən Vətən uğrunda can verərkən, kol dibində gizlənənlərin övladları xaricdə təhsil almalıdır, mənim övladlarım isə can qoyduğum Vətəndə heç bir təhsil görməməlidir?! Xalqın qanını soran məmurların övladları məktəbə gedərkən, mənim uşaqlarım onların dalınca baxaraq, həsrətlə göz yaşı tökürlər. Xahiş  edirəm bunların səbəbləri araşdırılsın ki, nəyə görə bu əzablar bizə yaşadılır…»
 
O bildirir ki, sakinlər onun övladlarının təhsil alması üçün məktəbli forması alıblar, ancaq məktəb onun uşaqlarını qəbul etmir: «Hansı məktəbə müraciət edirəm, deyirlər ki, qəbul edə bilmərik. Xahiş edirəm, bu haqda ölçü götürülsün».
 
Qarabağ veteranı bütün qurumlara ərizələrlə, məktublarla müraciət etdiyinə baxmayaraq heç bir tədbir görülmədiyini vurğulayıb: «Nə ünvanlı sosial yardım verilmir, nə də ev tikmək üçün torpaq sahəsi ayrılmır».
 
«Bu vaxta qədər mənim övladlarım heç bir yaşayış tərzi görməyiblər, rahat yaşamayıblar», - deyən M.Rzayev sözlərinə belə davam edib: «Saxta sənədlərlə xalqını sevməyən insanları İcra Hakimi, millət vəkili qoyanda, onlar da heç bir zaman xalqın qayğısına qalmırlar. Bu sözlərim Laçın İH-dən millət vəkilinə kimi, Sumqayıt İH-dən Memarlıq Şöbəsinə kimi hamısına aiddir. Çünki hər zaman mənim hüquqlarımı tapdalayıblar.
 
Qarabağ veteranının sözlərinə görə, illərdir ki, onun yaşayışı barədə sosial şəbəkələrdə, informasiya agentliklərində paylaşılsa da, hələ indiyə kimi heç bir tədbir görülməyib: «Ancaq hansısa saytda kimi isə təhqir etsən, dərhal hamı tökülüşəcək. Nəyə görə böyük bir problemi görülmür, kiçik bir nüansı isə hamı görür»
 
«Artıq dərəcədə xahiş edirəm və vətəndaş olaraq tələb edirəm. Mənim haqlarımı mənə qaytarsınlar», - deyə Mahir Rzayev müraciətini yekunlaşdırıb.
 
Qeyd edək ki, bu ailəyə yardım etmək istəyənlər 0708875563 nömrəsi ilə əlaqə saxlaya bilərlər. /

Google+ WhatsApp ok.ru