QAT: Rəis məhbusları `dubinka` ilə döyür

QAT: Rəis məhbusları `dubinka` ilə döyür

Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı ömürlük məhbuslara ağır işgəncələrin verilməsinə etiraz olaraq ədliyyə naziri Fikrət Məmmədova müraciət göndərib.
 
Maide.Az  bildirir ki, müraciətdə göstərilir:
 
Qobustan Qapalı Həbsxanasında ömürlük məhbusların ağır saxlanma şəraitinə dair bizə daxil olmuş şikayətlərlə bağlı Sizə müraciət edirik. Əvvəlcədən bildiririk ki, dəfələrlə ölkə rəhbərliyinə müraciətlərimizdə də qeyd etdiyimiz kimi, bizim məqsədimiz ölkənin problemləri ilə bağlı xarici təşkilatlara müraciət etmək deyil, biz öz problemlərimizi öz daxilimizdə həll etməyin tərəfdarıyıq. Biz millət və cəmiyyət olaraq öz gücümüzlə öz ölkəmizdə haqq-ədalətin bərqərar olmasına çalışmalıyıq. Ömürlük məhbuslarla bağlı bir daha vurğulayırıq ki, bu insanlara cəza verilib, lakin onların insan haqları əllərindən alınmayıb. Onlara imkan verilməlidir ki, öz cəzalarını insan kimi çəksinlər. Allah tərəfindən verilən haqlarını, qanunla müəyyənləşdirilmiş hüquqlarını taptalamaq yolverilməzdir.
 
Biz onların pozulan haqları ilə bağlıbəzi faktları Sizin diqqətinizə çatdırır və ölçü götürülməsini xahiş edirik:
1. Ömürlük məhbuslara amansız işgəncələr verilir, heç bir səbəb gətirilmədən onları döyür, "kars"a salır, digər fiziki təsir formalarından istifadə edirlər. Həbsxananın rəisi Fikrət Qafarovun şəxsən işgəncələrə rəhbərlik etməsi, məhbusları “dubinka” ilə döyməsinə dair faktlar məlumdur.
 
2. Məhbuslar şərti olaraq imkanlı və imkansız məhbuslara bölünüb, onların hətta korpusları ayrıdır. İmkanlılarla yumşaq davranır, imkansızlara zülm edirlər.
 
3. Xoşagəlməyən məhbuslara qarşı cəza tədbirlərindən biri onların kamerasına xəstə və ya digər problemli adamların, yaxud öyrədilmiş adamların salınmasıdır.
 
4. Bəzi məhbuslara yaxınları ilə yazışmaya qadağa qoyulub. Ümumiyyətlə, qanunla müəyyən edilmiş yazışmaların məxfiliyi tam pozulur, məktublar oxunur, xüsusilə də prezidentə və digər dövlət qurumlarına göndərilən məktubları həbsxana nümayəndələri oxuyur, xoşlarına gəlməyənləri cırıb atırlar. 
 
5. Məhbuslara verilən ərzağın keyfiyyəti çox aşağıdır, çörək palçıq kimidir, gömgöydür, içərisindən hər cür əşyalar çıxır.
 
6. Mövcud qanunvericiliyə görə, məhbuslara ayda 25 manat köçürməyə icazə verilir. İndiki şəraitdə bu pula heç nə almaq mümkün deyil. Bu məbləğin bir neçə dəfə artırılmasına ehtiyac var. 
 
7. Yaxınlarının məhbuslara ərzaq verməsinə süni maniələr yaradılır, əsassız qadağalar qoyulur.
 
8. Məhbusların həkim müayinəsindən keçirilməsi formal xarakter daşıyır. Demək olar ki, heç bir tibbi xidmət yoxdur.
 
9. Məhbuslara bəzi hüquqi prosedurlarla bağlı qanunsuz tələblər irəli sürülür, məsələn, məhbusların etibarnamə verməsi ilə bağlı qanundan kənar tələblər qoyulur. 
 
10. Məhbusların yeri gəldi-gəlmədi, əllərini, qollarını qandallayırlar. Buna qanunla icazə verildiyi, ehtiyac olduğu məlum deyil.
Bizi narahat edən məsələləri, cəmiyyətdə narazılıq yaradan problemləri Sizə çatdırmağı özümüzə borc bildik. Bu problemlərin vaxtında həll edilməsi cəmiyyətdə sağlam əhval-ruhiyyəni gücləndirər, dövlətimizin dayaqlarını möhkəmləndirər. Hesab edirik ki, bu cür problemlərin vaxtında aşkar edilməsi, araşdırmalar aparılması üçün formal deyil, real ictimai nəzarətin yaradılmasına ehtiyac vardır. Ümid edirik ki, müraciətimizə diqqətlə yanaşacaq, ölçü götürülməsi üçün tapşırıqlarınızı verəcəksiniz. Əks halda, biz Qobustan həbsxanasının qarşısında etiraz aksiyalarına başlamaq məcburiyyətində qalacağıq.

 

Google+ WhatsApp ok.ru