Qaxda nəhəng quş peyda olub - FOTO

Qaxda Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvələrində yaşayan Qafqaz kərkəzi dağlardan minlərlə metr aşağıya, insanların yaşadığı kəndə enib.
 
Qaxın Əmbərçay kəndinin sakini bildirib ki, səhər saatlarında kəndə gələrkən qarşısına kərkəz quşu çıxıb: "Həmişə şəkillərdən gördüyüm yırtıcı quşu canlı görəndə özümü itirmədim və kənddən kömək çağıraraq nəhəng quşu tutduq".
 
Kənd sakini quşu bir gün həyətində saxlayıb və onun insanlara hücum etdiyini görəndə dərhal ərazi ekologiya şöbəsinə xəbər verib.
 
9 saylı Zaqatala Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin baş məsləhətçisi Söhrab Babayev "Report"a bildirib ki, onlar da belə hadisə ilə ilk dəfədir rastlaşırlar: "Qafqaz kərkəzinin adı qırmızı kitabdadır və o, yalnız insan ayağı dəyməyən qayalıqlarda yaşayır. Hazırda onların sayı barmaqla sayıla biləcək qədər azdır. Buna görə də nəhəng quş elə gəldiyi təbiətə buraxılıb".
 
Xatırladaq ki, Qafqaz kərkəzinin qanadları açıldığı halda eni 2 metr 60 santimetr, çəkisi isə təqribən 10 kiloqrama yaxındır. Bu yırtıcı quş təkcə hündür dağların zirvələrində, qayalıq ərazilərdə yaşayır. Əsasən leş yeyən yırtıcı orta çəkili qoyunu götürmək gücünə malikdir.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru