Qiymətlər sürətlə artır - İKİRƏQƏMLİ İNFLYASİYA

Qiymətlər sürətlə artır - İKİRƏQƏMLİ İNFLYASİYA

2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlər ötən ilin eyni dövrünə nisbətən 10.8 faiz bahalaşıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.
 
Məlumatda qeyd edilir ki, ərzaq məhsullarının qiymətləri 12.2, qeyri-ərzaq məhsullarının qiymətləri 15.6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 4.9 faiz artıb.
 
«Avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.5 faiz artıb. Ərzaq məhsulları 0.6, qeyri-ərzaq məhsulları 0.5, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0.4 faiz bahalaşıb»,-deyə məlumatda qeyd edilir.
 
NƏLƏR BAHALAŞIB
 
Ay ərzində düyünün, unun, çörəyin, qarabaşağın, yulaf, arpa yarmasının, mal, qoyun, toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının bahalaşdığı bildirilir.
 
Habelə, şəkər, şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin və tütün məmulatlarının qiymətlərinin artdığı qeyd edilir.
 
NƏ UCUZLAŞIB
 
Balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın və kartofun qiymətlərində isə ucuzlaşma müşahidə edildiyi deyilir.
 
DSK bildirir ki, avqust ayında qeyri-ərzaq məhsullarının da qiymətində artım baş verib. Bundan başqa, ali təhsil müəssisələrində təhsil haqqının, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərində də bahalaşma olduğu bildirilir.(fins.az)
 

Google+ WhatsApp ok.ru