Qiymətlər qalxmağa davam edir

Qiymətlər qalxmağa davam edir

"Novoye Vremya" qəzetində isə "Qiymət artımı məmurları nə zaman «narahat» edəcək?" sualına cavab axtarılır.
 
Yazıda bildirilir ki, indi insanlar mağazalarda hər həftə, hər gün qiymət artımının şahidi olurlar. Artıq bahalaşma rəsmi statistik rəqəmlərdə də etiraf olunur: "Bu ilin fevral ayı ilə müqayisədə mart ayında istehlak malları və xidmət tarifləri 1.6, ərzaq məhsulları 3.1, qeyri-ərzaq və pullu xidmətlər 0.6 faiz bahalaşıb".
 
Yazıda vurğulanır ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə isə istehlak malları və xidmət tarifləri 13.2 faiz artıb. Ərzaq məhsullarının qiyməti isə 17 faiz yüksəlib.
 
Yazıda daha sonra ayrı-ayrı ərzaq mallarının bahalanması ilə bağlı bir sıra rəqəmlər sadalanır: "Əhalinin xərclərinin əsas hissəsini təşkil edən ərzaq mallarının bahalanması ən anlaşılmaz və müəyyən mənada qorxulu hadisədir. Bu o deməkdir ki, əhalinin aztəminatlı hissəsi "kəmərləri" bir az da sıxmalıdır".
 
Müəllif xatırladır ki, artıq manatın məzənnəsində sabitlik yaranıb. Ancaq qiymət artımı qarşısı alınmaz proses kimi davam etməkdədir: "Bunu Azərbaycan iqtisadiyyatının paradoksu saymaq olarmı? Mümkündür, çünki qiymətlər bahalaşdıqda, bunu manatın məzənnəsinin enməsi ilə izah edirdilər. Ancaq indi görürük ki, məsələ bunda deyil".
 
Müəllif hesab edir ki, qiymətlərin bahalaşmasına keçən il qazın və elektrikin tarifinin artması da təsir göstərir. Üstəlik, ölkədə inhisarlarla mübarizə də yetərli səviyyədə deyil: "Kimsə qiymət artımından, iqtisadi böhrandan əziyyət çəkirsə, inhisar bununla daha da varlanır".
 
Yazıda bildirilir ki, bu proses, hələ ki, inhisarçı məmurları qane edir. /

Google+ WhatsApp ok.ru