Qiymət artımını doğuran səbəblər

Qiymət artımını doğuran səbəblər

"Novoye Vremya" qəzetində "Qiymət artımını necə dayandırmalı?" sualına cavab axtarılır.
 
Yazıda bildirilir ki, bəzi ekspertlər payıza yaxın qiymətlərin yenidən bahalaşacağını proqnozlaşdırırlar.
 
Müəllif vurğulayır ki, mövsümlə əlaqədar meyvələrdə qiymət enməsi olmayıb. Üstəlik, havalar isti keçsə də, ət ucuzlaşmayıb, əksinə, bahalaşıb:
"Şübhə yoxdur ki, Qurban bayramında ət 11-12 manat olacaq. Bizdə qaydadır, bayram ərəfəsi qiymət artımı ajiotajı yaşanır".
 
Yazıda daha sonra qiymət artımını doğuran səbəblərdən bəhs edilir.
 
Müəllif qiymət artımını doğuran səbəblərdən biri kimi inhisarı göstərir. Ancaq, eyni zamanda, vurğulayır ki, bu məsələdə benzinin qiymətinin bahalaşmasının da təsiri olub.
 
Yazıda xatırladılır ki, bu yaxınlarda Aİ-92 markalı benzinin qiyməti bahalaşarkən, Tarif Şurası və İqtisadiyyat Nazirliyi bunun qiymət artımına təsir göstərməyəcəyini bildirmişdilər:
"Ancaq belə olmadı, bir çox istehsalçılar məhsulun baha olmasına səbəb kimi məhz benzinin bahalaşmasını göstərirlər".
 
Yazıda vurğulanır ki, iqtisadi geriləmə və bank sektorundakı qeyri-sabitlik də qiymət artımına səbəb olur.
 
Müəllifin fikrincə, hökumətin inflyasiya ilə mübarizəsi səmərəsizdir, ona görə də illik inflyasiya 14 faiz həddinə yüksəlib:
"Bunun artacağı görünür. Əgər inflyasiyanı aşağı salmaq mümkün olmasa, onda qiymətlərin düşəcəyini gözləməyə dəyməz".
 
Yazıda bildirilir ki, öz növbəsində inflyasiya da əhalinin gəlirlərini "yeyir".
 
Daha sonra da müəllif hökumətə qiymət artımı ilə mübarizədə təkliflərini verir:
"Bunun üçün ilk növbədə istehlak bazarında inhisar diktəsinə son qoyulmalıdır. Müstəqil məhkəmə sistemi olmalıdır ki, bu da biznes-mühitə müsbət təsir göstərə bilər".
 
Müəllifə görə, iqtisadi artıma əngəl olan bütün maneələr aradan qaldırılmalıdır… /

Google+ WhatsApp ok.ru