Qiymətlər niyə belə baha?

Qiymətlər niyə belə baha?

"Müsavat.com" "Meyvə- tərəvəzin qiyməti niyə əl yandırır?" sərlövhəli məqalədə müəllif ekspert Nicat Nəsirli ilə verilən suala cavab axtarır.

 
Müəllif deyir ki, bu il meyvə-tərəvəzin qiyməti diqqət çəkir, necə deyərlər, "əl yandırır". İlk baxışda belə təsəvvür yaranır ki, məhsul istehsalı az olub, amma elə deyil, səbəb pandemiya ilə bağlı regionlardan paytaxta az meyvə-tərəvəz çatdırılması ilə bağlıdır.   
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirliyə görə, karantin müddətinin uzadılması məhsulların daşınması, ixracı və s. kimi proseslərə təsir göstərdi. O vurğulayır ki, kiçik sahibkarlar bazarlara çıxa bilmədilər, yalnız böyük həcmli yüklərinşəhərlərə daşınmasına icazə verildi.
 
Ekspert deyir ki, hazırda bəzi aqrar məhsullar mövsümə uyğun olmayan qiymətlərlə satılır və bu, birbaşa karantin rejiminin tətbiqi ilə əlaqəlidir. "Bəzi bazarlarda isə karantin rejimini bəhanə edərək daha çox gəlir əldə etmək istəyənlər var və bazarlarda bəzi məhsulların qiymətini mövsümə uyğun təklif etmirlər".
 
Mütəxəssisə görə, ölkədə həmişə aprel ayından aqrar məhsullarda ucuzlaşma başlayırdı və bu, oktyabra qədər davam edirdi, bu il bu proses müşahidə olunmur.  
 
N.Nəsirli deyir ki, bu il ölkə fermerləri su qıtlığından da əziyyət çəkirlər və bu problem artıq 10 ildir ki, var. Bu da Kür çayında suyun səviyyəsinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi ilə bağlıdır. Adətən hər ilin iyul ayında suyun səviyyəsi azalır. Ekspert hesab edir ki, su ilə bağlı problem təkcə su qıtlığı ilə yox, həm də düzgün idarə etməmə ilə əlaqəlidir və burada kifayət qədər itkilər var.

Google+ WhatsApp ok.ru