Qonaqkəndlilərin ürəyinə vəlvələ salan Vəlvələçay

Qonaqkəndlilərin ürəyinə vəlvələ salan Vəlvələçay

10 gündən çoxdur ki, Qubanın Qonaqkənd kəndinin sakinlərinin gecəsi-gündüzü yoxdur. Qonaqkəndlilər ərazidən keçən Vəlvələçayda suyun səviyyəsinin qalxmasından narahatdır. Hətta təsərrüfatını kənddən çəkib gedənlər də var.
 
"DEYİR, KÜYƏ BASMA"
Kənd sakini Seyfulla Camalov deyir, iki gündür ki, ailəsini və həyətindəki quşçuluq təsərrüfatını qonşu kəndlərdən birində yaşayan qohumunun evinə köçürüb:
"Əvvəl də daşmışdı, bütün təsərrüfat, əkinçilik sahəsi, evim - nəyim vardısa, suyun altında qalmışdı. Uzun illər o acı hadisənin zərərini yaşadıq. Birtəhər özümüzə gəlmişik, indi yenə çayın suyu qalxıb, ətrafa yayılıb. Hiss olunur ki, daşma təhlükəsi var. Bir məsələ var – gedirsən hökumət idarələrinə, deyirsən, "ay məmur, bu çay daşacaq, mən məhv olacam", deyir, "küyə basma". Çay daşır, zərərini görürsən, hökumət nümayəndəsi gəlir, deyir, "çaydır da, daşdı, təbii hadisədir, bizlik nə var ki..."".
 
Qonaqkənd Vəlvələçayın vadisində yerləşdiyindən dağlardan axıb gələn sel suları da qəsəbəyə həmişəki kimi təhlükə yaradıb.
 
"3-5 İL PUL TOPLAYIB İNƏK ALIRAM..."
Kənd sakini Məcnun Əliyev deyir, ötən il sürüşmə nəticəsində keçmiş Atuş kəndinin ərazisində Vəlvələçayın qarşısı bağlandığından çayın məcrası genişlənib, suyun səviyyəsi qalxıb. O gün - bu gün insanlar sel təhlükəsi içində yaşayırlar. Son günlər həyətləri və əkin sahələrini su basması isə kəndlilərin qorxusunu birə-beş artırıb. Məsələn, elə 3 gün əvvəl Məcnun Əliyevin də bostanı su basıb:
"Su həyətyanı sahələrə dolub, bostanlar su altında qalıb. Mal-qaraları kənddən çəkmişik, başqa yerlərdə saxlayırıq. 3-5 il pul toplayıb inək alıram, onu da sel gəlib aparır. İki dəfə inəyim gedib, gözüm qorxub. Kənddə elə adam tapmazsan ki, təsərrüfatı Vəlvələçaydan zərər görməsin. Vəziyyət tələb edir ki, təcili tədbir görsünlər".
 
Ötən ilin sentyabrında kəndlilər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Müraciət qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldilib. Agentliksə bir müddət sonra kəndlilərə cavab yazıb. Kəndlilər cavabdan yalnız onu anlayıblar ki, FHN narahat deyil və kəndlilərə də narahat olmamağı tövsiyə edir.
 
"NARAHATÇILIĞA ƏSAS YOXDUR"
Məcnun Əliyev sözünə davam edir:
"Cavab bizi qane etmədiyindən ikinci dəfə məktub yazdıq, bildirdik ki, belə zarafatların yeri deyil, 1500 ailənin həyatı, malı-mülkü təhlükədədir. Sel əjdaha kimi ağzını kəndin üstünə açıb, istənilən an hamımızı uda bilər. Ancaq bu dəfə cavab gəlmədi".
 
Quba rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Qonaqkənddəki sel təhlükəsinin önlənməsi üçün bütün tədbirlər görülür və kəndlilərin narahatçılığına əsas yoxdur:
"Bu daşmalara səbəb aramsız yağıntılardır. Əsasən, payız və yaz fəsillərində kəndlilərdə belə narahatlıqlar adi hala çevrilib. Ancaq narahat olmağa dəymir, çünki kənddəki durum aidiyyəti qurumların nəzarətindədir".
 
Lakin dövlət qurumlarının arxayınçılığı kəndliləri qane etmir. Onlar düşünürlər ki, bu arxayınçılıqdan ötrü, ən azı, hökumət çayın qarşısına qoruyucu bənd çəkməlidir. Ya da kənd əhalisi başqa yerə köçürülməlidir. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru