Qubad İbadoğlu Müsavatdan çıxarıldı

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyadan çıxarıldı. Bu barədə qərar fevralın 6-ı axşam saatlarında partiyanın Divanında verilib.
 
"Maide.az"n məlumatına görə, Divanın iclası növbədənkənar keçirilib. Belə ki, Divan növbəti iclasında Qubad İbadoğlunun məsələsinə baxmağı planlaşdırıb. İclasda onun özünün iştirakı da razılaşdırılıb. İclasın rqafik üzrə vaxtında Qubad İbadoğlunun xarici səfərdə olacağı bəlli olub. Buna görə də iclasın vaxtı irəli çəkilib.
 
Qubad İbadoğlu Divanın iclasına qatılmaq üçün müəyyən şərtlər irəli sürüb. O, iclasda müsavatçıların (yəqin ki, öz tərəfdarlarının) iştirakına və videoçəkiliş aparılmasına razılıq verilməsini istəyib.
Özünün bildirdiyinə görə, Müsavat başqanının müavini Elman Fəttah buna razılıq verildiyini deyib, lakin o, oclasa qatılanda şərtlərinin qəbul edilmədiyini görüb. Buna görə də iclası tərk edib. Divan onun iştiraklı olmadan məsələni müzakirə edib.
 
Müsavat partiyasından xaric edilən Qubad İbadoğlu Divanın bu qərarına münasibət bildirib. O, APA-ya açıqlamasında Divanın müzakirəsini "formal" adlandırıb. "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi", - deyə o bildirib.
 
Qubad İbadoğlu qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir".
 
Qubad İbadoğlu qərarı "yanlış və əsassız" adlandırıb.
 
Müsavat başqanının müavini Elman Fəttah isə qərarı jurnalistlərə izah edərkən bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsinin səbəbi onun Divanın iclasını tərk etməsi, partiya nizamnaməsini kobud surətdə pozan davranışlara yol verməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olmasıdır. /

Google+ WhatsApp ok.ru