QURANİ-KƏRİMDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏT – «ULUL-ƏMR» (ƏMR SAHİBLƏRİ) AYƏSİ

Qurani-Kərimdə ümumi imamət və vilayətlə bağlı ayələrdən biri də «ulul-əmr» ayəsi adını daşıyan «Nisa» surəsisinin 59-cu ayəsidir. Həmin ayədə Allaha, Peyğəmbərə və «əmr sahibləri»nə tabe olmağın vacibliyi vurğulanır və buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!»

Allah və Peyğəmbərə (s) itaətin vacibliyi aydın məsələdir. Amma bu itaət və tabeçilikdə Allah və Peyğəmbərlə (s) yanaşı göstərilən «ulil-əmr»də (əmr sahiblərində) məqsədin kimlər olduğu barədə təfsirçilər arasında fikirayrılığı vardır.

Şiə və Əhli-beyt (ə) məktəbinin bütün alim və təfsirçilərinin yekdil nəzərinə əsasən, «əmr sahibləri» İslam ümmətinin maddi və mənəvi rəhbərləri olan məsum imamlardır. Çünki Allah və Peyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız məsum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.

Halbuki sünni alim və təfsirçilər arasında «əmr sahibləri»nin kimliyi ilə bağlı böyük fikirayrılığı mövcuddur. Bəziləri «səhabə»lərin, bəziləri «ordu sərkərdələri»nin, bəziləri də ilk «dörd xəlifə»nin nəzərdə tutulduğunu iddia edir, amma tutarlı bir dəlil göstərmirlər.

Başqa bir qrup isə «əmr sahibləri»ni alimlər mənasında yozmuş və «Nisa» surəsinin 83-cü ayəsinə istinad etmişlər:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ

«Onlara qələbə və ya məğlubiyyət xəbəri çatdıqda, dərhal (araşdırmadan) onu yayarlar. Halbuki bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varanlar bilərdilər.»

Hazırkı ayədə itaətin qeyd-şərtsiz göstərilməsi və «Nisa» surəsinin 83-cü ayəsinin hər hansı bir xəbərin araşdırılması barədə nazil olmasına diqqət yetirməklə iki fərqli məsələ qarşıya çıxır. Onları bir mənaya yozmaq olmaz. Bir şeyi araşdırmaq qeyd-şərtsiz itaətdən tam fərqlənir. İkinci yalnız məsumlar barədə təsəvvür olunur. Birinci isə daha geniş mənaya malikdir.

Bəzi sünni təfsirçiləri beşinci bir ehtimalla çıxış edirlər: «Əmr sahibləri»ndə məqsəd xalq nümayəndələri, hakimlər, rəislər, alimlər və müxtəlif vəzifə sahibləri, başqa sözlə, ixtilafları aradan qaldıran və camaatın işlərini tənzim edənlərdir. Onlar müəyyən bir məsələdə yekdil fikrə gəlsələr, onlara qeyd-şərtsiz itaət vacibdir, (bu şərtlə ki, ayədə «minkum» ifadəsinə əsasən, onlar bizdən olsun, Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın, başqaları tərəfindən məcbur edilməsin, hamısı bir fikirdə olsun və həll olunan məsələ də ümumi məsələlərdən olsun). Onlara tabe olmaq müqəddəs şəriət tərəfindən dəlil göstərilənədək vacibdir. Bu zümrə məsum və günahsız olduğundan onlara qeyd-şərtsiz itaət etmək əmr olunmuşdur. («Əl-mənar», c.5, səh.181.)

Bu təfsirlərə əsasən, «əmr sahibləri» beş şərtə malik alim, hakim və vəzifə sahiblərinə aid edilmişdir: 1. müsəlman olsun; 2. Peyğəmbər (s) sünnəsinə qarşı çıxmasın; 3. rəyində məcbur olmasın; 4. şəriətdə onların nəzərinə qarşı bir hökm olmasın; 5. yekdil qənaətə gəlsinlər. Onlar bu şərtlərə malik şuranı məsum və günahsız hesab edirlər.

Doğrudanmı, ayədə qeyd olunan «əmr sahibləri»ndə məqsəd budur? Görəsən, müsəlmanlar və Peyğəmbərin (s) səhabələri bu ayəni eşitdikdə, yuxarıdakı mənanımı başa düşürdülər? Yoxsa bu məna xeyli zəhmətdən sonra ayəyə zorla qəbul etdirilmişdir ki, şiələrin qəlbən inandıqları məsum imamlar nəzərdə tutulmasın?!

Qəribədir ki, bəzi sünni təfsirçilərinin əqidəsinə görə, «əmr sahibləri»ndə məqsəd padşahlar, hakimlər və əmirlərdir. Müsəlmanlara hökmranlıq edən hər bir hakimə – istər ədalətli, istərsə də zülmkar, istər doğru, istərsə də azğın yolda olsun, istər Allaha itaətə dəvət etsin, istərsə də Ona qarşı çıxsın – itaət etmək vacibdir. Necə ki, «Əl-mənar» kitabının müəllifi üstüörtülü şəkildə belə yazır: «Bəziləri bu ayəyə görə, bütün hakimlərə itaəti vacib bilirlər.»

Bundan da qəbahətlisi bu təfsirin sübutu üçün Peyğəmbəri-Əkrəmə (s) aid edilən saxta rəvayətlərdir. Guya, bu rəvayətlərin birində Yezid Cofi Peyğəmbəri-Əkrəmdən (s) «Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, onda nə edək?» – deyə soruşduqda, o həzrət buyurmuşdur: «Onların əmrinə qulaq asın və itaət edin!» Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:

اِنَّ خَلِيلِى اَوصانِى اَنْ اَسْمَعَ وَاَطِيعَ وَاِنْ كانَ عَبْداً مُجَدَّعُ الاَطْرافِ

«Mənim dostum (Peyğəmbər) mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyə etdi.» («Səhihi-Müslim», c.3, «əmarə» kitabı, «vücubu taətil-uməra...» bölümü, səh. 474.) (Bəziləri hədisdə göstərilən «mucəddəul-ətraf» ifadəsini «əl-ayaq kəsən şəxs» deyil, «alçaq və çirkin ailədə dünyaya gələn şəxs» mənasında təfsir etmişlər.)

Şübhəsiz, əziz İslam Peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür. Halbuki o həzrətdən belə bir hədis nəql olunmuşdur:

لا طاعَة لِمَخْلوُقٍ فِى مَعْصِيَةِ الْخالِقِ

«Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil

Əbuzərin adından Peyğəmbərə (s) aid edilən hədislərin saxtalığına ən tutarlı dəlil elə Əbuzərin öz həyat tərzidir. O, həyatı boyu zülmkar, azğın hakim və əmirlərlə mübarizə aparmış, elə bu yolda da ömrünü başa vurmuşdur. Halbuki Peyğəmbərin (s) məqamı daha üstündür. Heç bir ağıllı insan xilafkar və zülmkar hakimə itaətin vacibliyini dilinə gətirməz. Xüsusilə, bu hədis həm şiə, həm də sünni alimləri arasında məşhurdur: «Xaliqə qarşı günah edən məxluqa itaət etmək caiz deyil(«Nəhcül-bəlağə», qısa kəlamlar 165.)

Beləliklə, bəhs etdiyimiz ayəni hər hansı mənaya yozmağa bir bəhanə yoxdur.

Burada daha iki irad qalır:

1. Əgər «əmr sahibləri»nin məfhumu məsum imamlara şamildirsə, bu cəm formasında işlənən «uli» (sahiblər) sözü ilə uyğun gəlmir. Çünki şiələrin əqidəsinə əsasən, məsum imam eyni dövrdə bir nəfərdən çox ola bilməz.

Cavab: Eyni zamanda məsum imamın bir nəfərdən artıq olmaması doğru olsa da, lakin ayə bütün zamanlara aid edildikdə, məsum imamlar bir qrup təşkil edirlər. Ərəb dilində buna bənzər ifadələr çoxdur. Məsələn, «Əssəlamu ələykum və əla ərvahikum və əcsadikum.» (Sizə, sizin ruh və cismlərinizə salam olsun!) deyilərkən, kimsə bu salama irad tutub, «insan bir ruh və bir cisimdən ibarət olduğu halda, nə üçün ruh və cisim cəm formada işlənmişdir?» demir. Çünki buradakı cəm forması onların məcmusuna işarədir. Deməli, Peyğəmbəri-Əkrəmin (s) hər dövrdə bir məsum canişini olmasına baxmayaraq, bütün zamanları nəzərə almaqla (onların sayı çox olduğundan) ayədə «əmr sahibləri» cəm formada işlənmişdir.

2. Peyğəmbərin (s) dövründə məsum imam olmadığından, ona itaət əmri necə mümkündür?

Cavab: Əgər bu ayə yalnız Peyğəmbərin (s) öz dövrünə aid olsaydı, belə bir irad mümkün idi. Lakin onun bütün müsəlmanlar üçün qiyamət gününə qədər ümumi bir göstəriş olduğuna diqqət yetirdikdə, bu şübhə aradan qalxır. Peyğəmbəri-Əkrəmin (s) dövründə əmr sahibi o həzrətin özü, sonrakı dövrlərdə isə məsum imamlardır. Bu, belə bir ifadəyə bənzəyir: «Peyğəmbər və onun canişinlərinə itaət etmək müsəlmanların vəzifəsidir!» Bu əmr canişinlərin məhz o həzrətin dövründə olduğunu göstərmir.

Qeydlərimizi şiə və sünni kitablarında bu ayənin təfsirində imam Əli (ə) və digər məsum imamlara aid gələn bir neçə hədisə qısa şəkildə işarə etməklə yekunlaşdırırıq. Şeyx Süleyman Qunduzi Hənəfi «Yənabiul-məvəddət» kitabında Mücahidin təfsir kitabından belə nəql edir: «Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!» ayəsi Əli (ə) barəsində nazil olmuşdur. Bu ayə nazil olarkən Peyğəmbəri-Əkrəm (s) onu («Təbuk» müharibəsində) Mədinədə öz canişini təyin etmişdi.

Həmçinin imam Əlidən (ə) belə nəql edir ki, o həzrət mühacir və ənsar zümrələri ilə söhbət zamanı bu ayəni onlara dəlil gətirdikdə, onlar heç bir etiraz etməyib susdular. («Yənabiul-məvəddət», səh.114-116.)

Hakim Həskaninin «Şəvahidut-tənzil» kitabında «əmr sahibləri»nin təfsiri ilə əlaqədar imam Əlidən (ə) belə bir hədis nəql olunmuşdur:

يا نَبِىَّ اللهِ مَنْ هُمْ؟ قالَ اَنْتَ اَوَّلُهُمْ

«Mən Peyğəmbəri-Əkrəmdən (s) «Ya Peyğəmbər, onlar kimlərdir?» – deyə soruşduqda, o həzrət buyurdu: «Sən onların birincisisən!» («Şəvahidut-tənzil», c.1, səh.148, «Beyrut» çapı.)

Bu ayənin məsum imamlara aid olması ilə əlaqədar Əhli-beytdən (ə) çoxlu rəvayət nəql olunmuş, onların hər birində «əmr sahibləri»nin məsum imamlardan ibarət olduğu açıqlanmışdır. («Burhan» təfsiri, c.1, səh.381-387; «Kənzüd-dəqaiq», c.3, səh.437-452; «Peyami-Quran»dan nəqlən, 7-ci cild, «Qurani-Kərimdə imamət və canişinlik», Ayətullah Məkarim Şirazi, səh.36-40.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru