`Qurban olum, 1 manata gəl Hövsana`

«Hövsana, Hövsana. Bir nəfər Hövsana. Hövsana iki nəfər qaldı. Gəlin, əyləşin...».
 
Səməd Vurğun bağının yaxınlığından keçəndə bu səslər qulaq batırır. Taksiçiliklə məşğul olan sürücülər sərnişinləri bu cür səsləyir.
 
«ŞÜKÜR Kİ, MAŞIN KREDİTDƏ DEYİL»
 
«İki sərnişin var. İkisi də gəlsə, yola çıxaram. Çağırmasam, minən olmayacaq».
 
Bunu Əsəd adlı sürücü deyir. O, vəziyyətin yaxşı olmadığını söyləyir:
 
«Ölkədə hamı bir-birindən asılıdır. Bir sahədə problem olan kimi dərhal digər sahələrə də mənfi təsir edir. İndiki şəraitdə də hamının vəziyyəti çətinləşib. İş çox zəifdir. Birinci devalvasiya fevralda oldu. Həmin vaxt nə qədər problem yaşandı. İndi də devalvasiyanın sayını itirmişik. Bilmirik ikincidir, ya üçüncü. Bir ilin içində üç devalvasiya yola saldıq».
 
İxtisasca mühəndisdir. Dövlət Neft Şirkətində işləyirmiş. Üç il əvvəl ixtisara düşüb. İşsiz qalınca da, taksi sürücüsü kimi işləməyə başlayıb:
 
«Yaxşı ki, o vaxt özümə maşın almışdım. Şükür ki, maşın özümündür, kredit deyil. Burdan Hövsan qəsəbəsinə 1 manata gedirik. 1 manat 50 qəpiyə isə qayıdırıq. Getmək, qayıtmaq birlikdə 52 kilometrlik məsafədir. Gün ərzində sərnişin olanda 2-3 dəfə gedib-gəlmək olur. Mən əsasən günortaya qədər işləyirəm. Günortadan sonra adam olsa, gözləyirəm, olmasa, «Allah bərəkət versin» deyib 5-10 manatla qayıdıram evə».
 
«BİZƏ YAXINLAŞAN OLMUR»
 
Başqa bir sürücü- Elməddin Ağayev də gileylənir:
 
«Taksidən istifadə edən yoxdur. Avtobuslar dolu gəlib-gedir. Bizə isə yaxınlaşan olmur. Vəziyyət günü-gündən çətinləşir. Bölgələrdə də vəziyyət pisdir. Siyəzəndə yaşayan tanışlarla əlaqə saxladım, vəziyyətləri mətbuatda yazılan kimi deyil, çox pisdir. Bölgələrdə vəziyyət daha gərgindir. Bu işlərin axırı necə olacaq görəsən?!».
 
Onlar hər sözün, hər cümləsinin ortasında sərnişin səsləyirlər. Bu ərazidə təxminən 10-15 taksi sürücüsü fəaliyyət göstərir. Kimisi Bakıda yaşayandı, kimisi də bölgələrdəndir. Bəzilərinin öz maşınıdır, bəziləri isə gündəlik 15 manat ödəyərək maşını icarəyə götürüb işlədirlər. Biz də çox az sərnişinin onlara yaxınlaşdığını, Hövsan qəsəbəsinə taksiylə getmək istədiyini müşahidə edirik. Təxminən bir saat ərzində taksilərdən yalnız biri sərnişin yığıb yola düşə bildi.
 
«HƏR ŞEY YAXŞI OLACAQ»
 
Yaşı 60-ı haqlamış Mahmud adlı sürücü isə nikbindir:
 
«O qədər belə çətinliyə düşmüşük ki... Düzələcək. Bundan da pis vəziyyətimiz olub. Hər şey yaxşı olacaq».
 
Lakin Famil Vəkilov adlı sürücü onunla razılaşmır:
 
«Hamı sürünür. Bu vəziyyətin nəyi yaxşıdır?! Camaat çətinliklə dolanır. Biz hamımız burda «Qurban olum, 1 manata gəl Hövsana» deyib dilənirik. Vəziyyət çox pisdir... Necə olacaq?! 25 kilometr yolu burdakı sürücülər 1 manata sürürlər. Kim ki, deyir vəziyyət yaxşıdır, onların hamısı qorxaqdır».
 
«AVTOBUSLA GEDİRİK»
 
Sərnişinlərdən Süməyya xanım taksi pulunun artmadığını vurğulayır, ancaq:
 
«Bir məsələ var ki, əvvəl vəziyyət belə deyildi axı... İndi aldığımız maaş, təqaüd dəyərini itirib. Nə bazara, nə marketə, nə aptekə yaxın durmalıdır. Hər şey bahalaşıb. Ona görə də taksi ilə getməkdənsə, avtobusa üstünlük veririk. Amma tələsəndə, körpə uşaqla olanda məcburən istifadə edirik».
 
Rauf adlı sərnişin də elə tələsdiyi üçün taksiyə minib:
 
«Bayaqdan sürücü səsləyir, gələn yoxdur. Üç nəfər sərnişin tapıb. Axırda gördüm gecikirəm, əlavə bir nəfərin də pulunu verirəm ki, təki tez gedək».(AzadlıqRadiosu)

Google+ WhatsApp ok.ru