Çörəyin qiyməti

Çörəyin qiyməti

İyulun 30-da Bakıdakı bır sıra ticarət obyektləri çörəyin pərakəndə satış qiymətini 10 qəpik artırıb. 0,5 kq. çəkisi olan çörək 30 qəpik əvəzinə 40 qəpiyə (+ 25%), 0,7 kq.-lıq çörək 40 qəpik əvəzinə 50 qəpiyə (+25%) satılıb. Məsələn, Binə, Bakıxanov, Nur çörək zavodlarının çörəklərinin pərakəndə qiymətinin artdığı qeyd olunub.
 
Cümə günü “Turan” agentliyi 40-50 kiloqramlıq un kisəsinin qiymətinin 1-2 manat civarında artması ilə əlaqədar bir sıra çörək istehsalçısının qiyməti artırmaq niyyətində olduğunu bildirmişdi.
 
Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti dərhal bildirib ki, vəziyyətə nəzarət edir və artım gözlənilmir.
 
 
Araşdırma: gəlir və xərclər
 
“Turan” agentliyi çörəyin qiymətinin artırılmasının əsaslılığı ilə bağlı araşdırma aparıb. Əvvəlki araşdırma 2012-ci ilin oktyabrında aparılıb. O zaman da çörək istehsalçıları qiyməti artırmağı planlaşdırırdı. Manatın devalvasiyası ilə əlaqədar hesablamalar dollarla aparılıb ki, araşdırmanın nəticələri dəqiq olsun.
 
Qeyd etmək lazımdır ki, Azərbaycan buğdanı əsasən Rusiyadan, daha dəqiqi RF-in cənub bölgələrindən idxal edir. 2012-ci illə müqayisədə FOB ixrac qiyməti bir tona görə 380-dən 140-a və ya 2,7 dəfə enib. “Rosselxoznadzor”un ərazi idarələrinin məlumatına görə, 2015-ci ildə Azərbaycan 1,35 mln. ton ($296,8 mln.) taxıl idxal edib ki, bunun da 1,24 mln.-u Rusiyanın payına düşüb. Orta ixrac qiyməti bir tona görə $220 təşkil edib.
 
Bu il Rusiyada taxıl ehtiyatları ötənilki göstəricini 6,8% üstələyib ki, bu da yaxın gələcəkdə aşağı qiymətlərin sabitliyindən xəbər verir.
 
Qeyd etmək lazımdır ki, 1 ton taxıldan 1308 kq. çörək istehsal edilir. Hazırda çörəyin istehsal xərcləri $300 (FOB taxıl qiyməti -$140+ daşınma -$15+ üyütmə prosesi – $30+bişirmə – $115) təşkil edir.
 
2012-ci ildə 1308 kq. çörək istehsalı $540 təşkil edib.
 
Hazırda 1 kq. çörək istehsalının xərcləri  $0,22 və ya $0,36 manat təşkil edir. Deməli, 0,5 kq. çörəyin istehsalı 18 qəpikdir. Iyulun 29-da 0,5 kq. çörəyin pərakəndə satış qiyməti 30 qəpik, pərakəndə qiymətdən ümumi gəlir 12 qəpik və ya 40% təşkil edib. Bu 12 qəpik çörəyin daşınmasını, müəssisənin mənfəətini, pərakəndə şəbəkənin gəlirini əhatə edir.
 
Yeri gəlmişkən, Rusiyada yüksək keyfiyyətli ağ çörəyin orta qiyməti bir kiloqrama görə $0,50 və ya 0,80 manat təşkil edir.
 
Bununla əlaqədar belə nəticəyə gəlmək olar ki, agentliyin hesablamalarına görə, çörəyin qiymətinin 25% artırılmasına haqq qazandırmaq olmaz. Lakin istehsalçılar və dövlətin çörək istehsalı prosesini hesablama yolu ilə qiymət artımını əhali üçün əsaslandırması vacibdir.
 
Idxaldan asılılıq və statistikanın “əyri güzgü”sü
 
Qeyd etmək lazımdır ki, taxıl idxalının həcmi Azərbaycanda ərzaq təhlükəsizliyi siyasətinin acınacaqlı olduğunu göstərir. Ölkə müstəqillik əldə etdiyi vaxtdan, demək olar, buğdadan 100% asılı qalır. Praktik olaraq ərzaq buğdası istehsal edilmir. Strateji ehtiyatlar 100% idxaldan asılıdır. Halbuki, Kənd Təsərrüfatı Nazirliyi hər il 2 mln. tondan çox taxıl istehsal edildiyini bildirir. Taxıl istehsalına çoxmilyonlu subsidiyalar ayrılır. Əgər ölkə real olaraq öz taxılını istehsal etsəydi, qiymətlər aşağı olardı.
 
Statistikaya görə, Azərbaycanda çörək-bulka məmulatlarına tələbat ildə bir adama 140 kq. çörəklə (100 kq. taxıl) ölçülür. 9 mln. əhalinin tələbatının ödənilməsi üçün 900 min ton taxıl lazım gəlir. Ancaq sirr deyil ki, Azərbaycanın əhalisi mühacirətin hesabına azalıb. Mühacirət edənlərin sayının 2,5-3,5 mln. arasında olduğu bildirilir. Hətta ölkədə real olaraq 7 mln. nəfər yaşayırsa, tələbat 700 min ton olmalıdır. Deməli, ölkəyə 1,3 mln. ton yox, 700 min ton gətirilməlidir.
 
Agentliyin hesablamaları göstərir ki, bir nəfərə il ərzində 168 kq., bir gündə isə 0,5 kq. çörək-bulka məmulatı düşür. Bu, heç də real deyil.
 
Keyfiyyət barədə
 
Son 4 ildə çörəyin keyfiyyəti yaxşılaşsa da hələ də onun tərkibində aşağı növ yem taxılı və Avropada qadağan edilən müxtəlif kimyəvi əlavələr yer alır. Bu proses cəmiyyət üçün qapalıdır və onun nəzarətindən kənardadır.
 
“Turan” Analitik Xidməti
 

Google+ WhatsApp ok.ru