Ramil Osmanlı: “2009-cu ildə Bakıda olan 250 tikinti şirkətindən bu gün 30-u qalıb”

Ramil Osmanlı: “2009-cu ildə Bakıda olan 250 tikinti şirkətindən bu gün 30-u qalıb”

Bu gün ölkədə daşınmaz əmlak bazarı da digər sahələr kimi kifayət qədər geriləyib. İnsanların gəlirliliyinin azalması, iş yerlərinin bağlanması ev almaq haqqındakı fikirlərinə ciddi təsir edib. Artıq paytaxta işləməyə gələn bir çox insanlar rayonlara dönür və minimum yaşayışını orada təmin etmək istəyir. Ekspertlərin fikrincə ölkədə daşınmaz əmlak bazarı daha böhranlı günlərə də daxil olacaq.
 
Maide.Az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ölkənin daşınmaz əmlak bazarında vəziyyət mürəkkəb olaraq qalır: “Bazarda əvvəlki kimi qiymət azalması kəskin xarakter daşımasa da, mövsümlə bağlı olaraq qiymət azalması davam edəcək. İnsanların tuzim məqsədi ilə xaricə və regionlara səfərlər etməsi müəyyən qədər tələbin azlamasına səbəb olacaq. Bu da daşınmaz əmlak bazarındakı qiymətlərə mənfi istiqamətdə öz təsirini gösətərəcək.
 
Bu gün ölkədə tikinti işləri xeyli dərəcədə azalıb, temp aşağı düşüb. 2009-cu ildə Bakıda 250 tikinti şirkəti paralel olaraq iş aparırdısa, bu gün həmin şirkətlərin sayı 30-a düşüb. Eyni zamanda bu o deməkdir ki, 2009-cu ildə ən azı eyni vaxtda 250 binanın tikintisi aparılırdısa, bu gün bu rəqəm şəhərciklər də daxil olmaqla təxminən 20-50 arasında dəyişir. Bu tikintinin indiki durumunu göstərir. Fərdi yayşayış evlərinin tikintisində də xeyli dərəcədə azalmalar var. Fərdi yaşayış evləri də əvvəlki kimi kütləvi tikilmir.
 
Bu gün ümumi olaraq bazarda dinamikanın azalması prosesi baş verir. Bu prosesin nə qədər davam edəcəyini söyləmək çox çətindir. Eyni zamanda sosial evlərlə bağlı da məsələ xeyli dərəcədə aktuallaşıb. Mənzilə tələbatı olan əhalinin müəyyən bir hissəsi ümidlərini həmin sosial evlərə bağlayıblar. Bu da bir tərəfdən bazarın dinamikliyinin azalmasına təsir göstərir”.
 

Google+ WhatsApp ok.ru