İran mətbuatı: `İran-Azərbaycan-Rusiya əlaqələri dünya üçün regional əməkdaşlıq nümunəsi olacaq`

İran mətbuatı: `İran-Azərbaycan-Rusiya əlaqələri dünya üçün regional əməkdaşlıq nümunəsi olacaq`

 İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri, prezident İlham Əliyevlə görüşü və Bakıda bu həftə baş tutmuş Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli görüşü İran mətbuatında geniş işıqlandırılıb.
 
APA-nın məlumatına görə, İqtidaryönümlü və müxalifət qəzetləri bu səfərin üç ölkənin əlaqələrində yeni səhifə açacağına və dünya üçün regional əməkdaşlıq nümunəsi olacağını vurğulayıblar.
 
Hökumətə yaxın "İran" qəzeti H.Ruhaninin İ.Əliyev və V. Putinlə görüşünə toxunaraq, üç ölkə arasında əlaqələrin möhkəmlənməsi və regional əlaqələrin inkişafının önəmli olduğunu qeyd edib.
 
Qəzet həmçinin İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə müsahibəsini dərc edərək, iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsini ətraflı izah edib.
 
Müxalifət qəzetlərindən olan  "Keyhan" qəzeti prezident İlham Əliyev və Ruhaninin görüşündən şəkili baş səhifədə dərc edərək bu görüşün önəmindən yazıb.
 
“Fars”, “İRNA”, “İSNA” kimi önəmli agentliklər də prezident H. Ruhaninin Bakı səfərini geniş  işıqlandırıb. Bu səfərin iki ölkənin iqtisadi əlaqələrində yeni səhifə olduğu vurğulanıb.
 
Xəbər agentlikləri Azərbaycan, İran və Rusiya arasında əldə olunan razılığı İranın və Azərbaycanın regional yük tranziti dəhlizi ölkələrinə çevrilməsi üçün yeni imkan kimi dəyərləndiriblər.
 
Hökumətin rəsmi xəbər saytı  Azərbaycan və İranın regional əməkdaşlıqdakı rolundan yazıb və bildirib ki, bu görüş İranın Azərbaycan və Qafqazla iqtisadi-ticarət əlaqələrinin inkişafına zəmin yaradacaq.
 
İran Dövlət Televiziyası Azərbaycan və İran arasında 6 əməkdaşlıq sənədinin imzalanma mərasimini canlı yayımlayıb. bundan başqa, hər iki ölkə prezidentlərinin çıxışını tam şəkildə  yayımlayaraq, Azərbaycanı inkişaf etmiş ölkə kimi təqdim edib, paytaxt Bakıya həsr olunmuş kadrlar yayımlayıb. (APA)

Google+ WhatsApp ok.ru