Rusiya 7 rayonu qaytarır - blef, yoxsa?..

 
«Yeni Müsavat» qəzeti yazır ki, Moskvanın Bakı və Yerevan üçün yeni planı var.
 
Qəzet Rusiyanın «Politrus» saytının yazdıqlarını əsas gətirərək bildirir ki, Dağlıq Qarabağda hərbi gərginliyin qalmasında ABŞ maraqlıdır: «Çünki Rusiya, İran və Çinin maraq zonasında olan bu bölgənin daim «qaynar» olması ABŞ-ın hegemonluğuna xidmət edir. Lakin hazırkı vəziyyətdə müharibənin başlaması problem olaraq qalır. Nədən ki, Bakı və Yerevan savaş istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb edir. Çünki məcburi köçkün və qaçqınlar öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu məsələdə qətiyyət göstərir».
 
Qəzetin yazdığına görə, «Politrus» həm də bildirir ki, Rusiya Azərbaycanı Xəzər regionunda və Avrasiya İttifaqında öz müttəfiqi kimi görmək arzusundadır: «Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer almağın mümkünsüzlüyünü irəli çəkir».
 
Qəzet daha sonra qeyd edir ki, Kremlə hazırda Qarabağ məsələsində hamıdan çox konstruktiv görünmək olduqca vacibdir. Moskva habelə Azərbaycanda və Ermənistanda ictimai nəbzi yoxlamaq, bu iki Qafqaz ölkəsində özünün xeyli düşən nüfuzunu qaldırmaq, beləliklə də Bakı və Yerevanı bir az da çox öz orbitində saxlamaq istəyi güdür. Bu üzdən də «rəngarəng, dolğun və inandırıcı həll planları»nın dövriyyəyə buraxılması mümkündür.  /

Google+ WhatsApp ok.ru