«Sərhədsiz Reportyorlar» Qənimət Zahidə görə bəyanat verdi

«Azərbaycan hakimiyyəti müxalifət redaktorunun ailəsini təqib edir».
 
Bu bəyanatla iyulun 22-də Fransada yerləşən «Sərhədsiz Reportyorlar» Təşkilatı (Reporters Without Borders) çıxış edib.
 
Qurum «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumlarına təzyiqləri pisləyir. Qənimət Zahid 2011-ci ildən Fransada məcburi mühacirətdə yaşayır.
 
«Hakimiyyət müstəqil jurnalistlərin təqibini dayandırana oxşamır. Zahidin ölkədən qaçmasından məmnun qalmaq əvəzinə indi də onun Azərbaycandakı qohumlarını təqib edir».
 
İyulun 18-dən bəri Zahidovun iki qardaşı oğluna 30 və 25 sutka inzibati cəzalar verilib.
 
«Qənimət Zahidin ailəsinə hökumət təqibindən dərindən sarsılmışıq», - bunu RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.
 
Bəyanatda vurğulanır ki, Qənimət Zahid «Azərbaycan saatı» televiziya proqramının yaradıcısıdır və proqramın müddətini uzatmağı planlaşdırır. Ailəsinin təqib olunmasına baxmayaraq, o, RSF-ə bildirib ki, heç nə onu jurnalist fəaliyyətini dayandırmağa məcbur edə bilməz. 

Google+ WhatsApp ok.ru