Səhiyyə pulsuzdurmu?

Səhiyyə pulsuzdurmu?

«Novoye Vremya» qəzetində «Sağlamlıqları ilə bağlı xərclərin əksər hissəsini azərbaycanlılar özləri ödəyirlər» sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, məmurların Azərbaycanda səhiyyənin pulsuz olması barədə bəyanatları real həyatda özünü doğrultmur:
 
«Əhalini dərman preparatları ilə təmin etmək üçün son illər dövlət büdcəsinə 100-110 milyon dollar həcmində vəsait qoyulur. Bu da il ərzində adambaşına 10 dollardan bir qədər artıq vəsait deməkdir».
 
Yazıda bəzi Avropa ölkələri ilə də müqayisələr aparılır. Müəllif vurğulayır ki, həmin rəqəm Qərb ölkələrində 300 dollardan 1000 dollara qədər dəyişir.
 
İqtisadçı Rövşən Ağayev deyib ki, bu Azərbaycandan ötrü hələlik əlçatmaz statistikadır:
 
«Məlum olan budur ki, bizim xərclərimiz büdcədə ayrılan vəsaiti dəfələrlə üstələyir. Baxmayaraq ki, bizdə səhiyyənin pulsuz olduğu deyilir. Əslində isə sizin və bizim cibimizə girirlər».
 
İqtisadçı deyib ki, səhiyyə sahəsindəki acınacaqlı durumu rəqəmlər də göstərir. Onun deməsinə görə, sağlamlıqla bağlı xərclərinin 70 faizini Azərbaycan vətəndaşları özləri ödəyirlər. Səhiyyəyə ayrılan vəsait bütün büdcə xərclərinin cəmi 4.7 faizinə bərabərdir:
 
«Sağlamlığın keyfiyyətli şəkildə qorunmasını təmin edən səhiyyə sisteminin olmaması ölkənin ağrılı yeridir».
 
R.Ağayev Dünya Bankı (DB) və Azərbaycan arasında 2016-2020-ci illərdə əməkdaşlığa dair 2015-ci ildə imzalanmış sənəd barəsində danışır:
 
«Məsələn, bu rəqəmlər rəsmi statistikada əksini tapmır. DB-nın hesablamalarına görə, orta ailənin səhiyyə xərcləri bütün istehlak xərclərinin 10 faizi qədərdir. Bu halda da bunun 70 faizini əhali özü ödəyir, yalnız 30 faizi dövlətin üzərinə düşür».
 

Google+ WhatsApp ok.ru