Sabirabad sakini: «Məmurlar ölməyimizi istəyir...»

Sabirabad rayonu Yolçubəyli kənd sakini Eyvazov Mirzə Mətləb oğlu redaksiyamıza müraciət edib. O, bir vaxtlar aldığı ünvanlı sosial yardımdan məhrum edildiyindən şikayətçidir. II qrup əlil olan Mirzə Eyvazov həm də autizm xəstəliyindən əziyyət çəkir.
 
Bu ilin mayına qədər o, heç bir problemsiz həmin yardımı alıb, ancaq may ayından ona verilən yardım dayandırılıb. Yerli məmurlar yardımın dayandırılmasına səbəb kimi onun həyətində qoyun saxlamasını göstərib. Onların fikrincə, bununla o, imkanlı şəxs sayılır və ona yardım düşmür. Mirzə Eyvazov isə əlilliyə görə aldığı təqaüdün və ünvanlı sosial yardımın onun ehtiyaclarını, müalicə xərclərini ödəmədiyini deyir: “Ildə 3-4 dəfə Irana müalicəyə gedirəm, heç olmasa hər dəfə bir qoyun satmaqla yol xərcini ödəyirəm. Başa düşə bilmirəm, məmurlar ölməyimizi istəyirlər? Onsuz da bizimki dolanışıq deyil, sürünməkdir, ancaq deyəsən, bunu da bizə çox görürlər. Aidiyyəti qurumlardan, şəxsən Səlim Müslümovdan bununla bağlı cavab gözləyirəm. Ümid edirəm ki, müraciətimi cavabsız qoymayacaq”.

Google+ WhatsApp ok.ru