Sabit manat, bahalaşan bazar

Sabit manat, bahalaşan bazar

"Yeni Müsavat" qəzetində "Manat stabildir, qiymətlər isə bahalaşmaqda davam edir, bəs səbəb nədir?" sualına ekspertlərlə cavab axtarılır.
 
Müəllif yazır ki, uzun müddətdir manatın məzənnəsində sabitlik müşahidə olunur. Bəzi ekspertlər bunu müvəqqəti sayır, hökumət isə ilin sonuna kimi manatın ciddi şəkildə ucuzlaşmayacağını bildirir.
 
Yazıda bildirilir ki, manat sabitləşsə də, mağazalarda gündəlik tələbat mallarının bahalaşması davam edir. Xüsusilə, bəzi təmizlik vasitələrinin, yuyucu tozların, ərzaq məhsullarının, yağların və ağartı məhsullarının qiymətində artım müşahidə edilir.
 
Ekspert Rəşad Həsənov bu ziddiyyətli durumu qəzetə belə şərh edib:
"Səbəb odur ki, ölkə bazarları manatın devalvasiyasından sonrakı situasiyanı tam qiymətləndirə bilməyib. Yerli istehsal məhsullarının da bir hissəsi xammal baxımından idxaldan asılıdır. Bu sahədə də qiymətlərin artmasına ehtiyac var idi. Amma faktiki olaraq əhalinin alıcılığının kəskin azalması biznes subyektlərini bu imkandan məhrum etmişdi".
 
Ekspertə görə, bunun səbəblərindən biri də manatla bağlı müəyyən şübhələrin olmasıdır.
 
Yazıda bildirilir ki, şirkətlər indi daha qısamüddətli qiymət siyasəti həyata keçirməyə üstünlük verirlər. Qiymətləri aşağı salmalı ikən ötən iki ilin zərərlərini bağlayırlar.
 
Ekspert deyib ki, bazarda bəzi məhsulların qıtlığı müşahidə edilir. Bu da, istər-istəməz, qiymət artımı ilə nəticələnir. /
 

Google+ WhatsApp ok.ru