Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – FOTOLAR, VİDEO

“Həyətim kanalizasiya gölünə oxşayır. Bütün məhəllənin kanalizasiya suları mənim həyətimə axır”. 
 
Bu sözləri musavat.com-un əməkdaşına Sabunçu rayonu, Anaşkin 7A küçəsinin sakini olan Gülüstan Sultanova deyib. 
 
Onun sözlərinə görə, uzun zamandır ki, küçənin kanalizasiya xətləri bərbad haldadır. Buna görə də, bütün çirkab suları onun həyətinə dolur. Evinin sol tərəfi, çirkab gölünə çevrilib. Müxtəlif qurumlara şikayət etsə də, heç bir faydası olmayıb. 
 
G.Sultanova deyir ki, qurumlar bu məsələyə biganə yanaşırlar: “Biz neçə illərdir ki, burada yaşayırıq. Və bütün bu illər ərzində də eyni problemlə üz-üzəyik. Kanalizasiya idarəsinə dəfələrlə müraciət etmişəm. Hər dəfə də “Gələcəyik, həll edəcəyik” deyirlər. Amma nə gələn var, nə də gedən... Qalmışam, öz ümidimə... Əvvəllər yoldaşım sağ idi. O, köməklik edirdi. İndi tək qadınam. Çarəsiz haldayam. 
 
Evimin divarları nəm içindədir. Uçulub, tökülür. Evdən pis qoxu gəlir. Özüm bu nəmişliyə görə revmatizm xəstəliyinə yoluxmuşam. Nəvələrim də tez-tez xəstələnirlər və gec sağalırlar. Çünki ev rütubətlidir. Həyətin suyunu çəkmək üçün balaca motor quraşdırmışıq. Amma onu da həmişə işlədə bilmirəm. Çünki elektrik xərcləri çox olur. Mən də təqaüdlə dolanan qadınam. Elə imkanım da yoxdur”. 
 
Eyni problem onun qonşularının da başına gəlib. Kanalizasiya xətlərinin bərbad olması Anaşkin küçəsinin sakinlərinin hamısını eyni dərdə salıb. 
 
Qonşular da eyni problemdən şikayətçidirlər: “Eyni problem bizdə də var. Evimin zirzəmisi su ilə doludur. Hər tərəf göyərib. Zirzəmidə qurbağalar üzür. Hələ havalar soyuqdur. Qoxu bir az azalıb. Yayda üfunət iyindən, ağcaqanadlardan evdə oturmaq olmur. Kanalizasiya idarəsinin isə heç nə vecinə deyil”. 
 
“Mən 2000-ci ildən burada yaşayıram. Həmin illərdən üzübəri vəziyyət belədir. Yayda pis qoxu, ağcaqanadlar hər tərəfi bürüyür. Bu məsələ təkcə bir nəfərin problemi deyil. Bütün məhəlləmiz üçün bu kanalizasiya baş bəlasına çevrilib. Buna ən qısa zamanda bir əncam edilməlidir” – bu sözləri Hüquq müdafiəçisi Elşən Həsənov deyib. 
 
Şikayətçilərlə söhbətimizdən dərhal sonra ərazi üzrə 148 saylı MİS-ə (JEK) yollandıq. 
 
MİS-nin sədri isə bu məsələnin onlara aid olmadığını dedi: “Bizim işimiz küçələrin, yolların təmizliyidir. Onu da yüksək şəkildə yerinə yetiririk. Kanalizasiya xətlərində olan problemlərə kanalizasiya idarəsi baxır. Oraya müraciət edin”.
 
Daha sonra isə Sabunçu Rayon İcra Hakimiyyətinə yollandıq. Oradan da qısa müddət ərzində məsələyə baxılacağına söz verdilər. 
 
Şikayətçilər isə daha bezdiklərini və problem həll olunana qədər şikayətlərinə davam edəcəklərini bildirdilər. 






Google+ WhatsApp ok.ru